Yalçın Topçu: 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin, sarsılmazlığının rəmzidir

Yalçın Topçu: 15 sentyabr tarixi Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyinin, sarsılmazlığının rəmzidir

Qafqaz İslam Ordusunun şərəfli missiyası Azərbaycan və Türkiyənin dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Bakının 1918-ci ildə daşnak-bolşevik işğalından xilas olunması müasir Azərbaycan və Türkiyə dövlətlərinin birliyinin təməlidir.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu söyləyib.

Ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamını xatırladan baş müşavir deyib: "15 sentyabr Türkiyə-Azərbaycan birliyinin, Türkiyə-Azərbaycan qardaşlığının əbədilik, sarsılmazlıq rəmzidir. Nuru Paşanın komandanlığı ilə Azərbaycanın köməyinə çatan Qafqaz İslam Ordusu tarixi missiya həyata keçirdi. İki ölkənin qardaşlıq körpüsünün əbədi sütunları qoyuldu. 2018-ci ildə Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda yaşadığımız xoş anlar xalqlarımızın yaddaşından heç zaman silinməyəcək”.

Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin birliyimizi daha da möhkəmləndirdiyini vurğulayan Yalçın Topçu deyib: "Bakının işğaldan azad olunması münasibətilə keçirilən Paradda Türkiyə Silahlı Qüvvələrinin "Türk Ulduzları” möhtəşəm uçuşlarla səmada Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli əks etdirdilər. Mavi Xəzərin sahillərində göstərilən bu uçuş-şou bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır”.

Bakının işğaldan azad olunması üçün canlarından keçən şəhid və qazilərimizi ehtiramla yad edən Türkiyə Prezidentinin baş müşaviri fikirlərini belə tamamlayıb: "Atamız Nuru Paşanın Can Azərbaycan üçün söylədiyi "Azərbaycan uğrunda şəhid olmaq şərəfdir. Gərək olarsa yenə savaşar, yenə şəhid olarıq” sözləri bu gün də türk millətinin və Türkiyə dövlətinin qardaş Azərbaycanın düşmənlərinə qarşı qətiyyətli mövqeyidir”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbər lenti