Vladimir Fekete: Azərbaycan mənim ikinci evim olub

Vladimir Fekete: Azərbaycan mənim ikinci evim olub

Azərbaycan mənim ikinci evim olub.


RezonansPress.az xəbər verir ki, bu fikri Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete İtaliyanın "İl Faro di Roma” gündəlik qəzetinə eksklüziv müsahibəsində deyib.

Müsahibdə artıq 12 ildir Bakıda yaşadığını bildirən Roma Katolik Kilsəsinin ölkəmizdəki nümayəndəsi V. Fekete bu illər ərzində zəngin mədəniyyətimiz və tariximizlə tanış olduğunu söyləyib. O, Azərbaycandakı katolik icması haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkədəki katolik icmasının üzvləri Avropa, Asiya, Afrika və Amerika qitələrinin müxtəlif ölkələrindən gəlmiş insanlardır.

Vurğulayıb ki, əhalisinin əksəriyyəti müsəlman olan bu dünyəvi ölkədə multikulturalizm, dinlər, eləcə də etnik qruplar arasında bərabərlik və tolerantlıq siyasəti elan edilməklə bərabər, həm də tətbiq olunur. Ölkə daxilində səyahətləri zamanı bunun yalnız rəsmi dövlət siyasəti deyil, eləcə də əhali arasında çox köklü fikir olmasının şahidi olduğunu qeyd edib. "Azərbaycandakı etnik qruplar böyük milli qürur duyur və sağlam patriotizmə malikdir. Heç bir etnik qrup özünü "aşağı” hiss etmir və başqa insanlar tərəfindən təhdid olunmur. Əksinə, əcnəbilərə qarşı yüksək qonaqpərvərlik göstərilir. Əcnəbilərlə danışmağı və fikir mübadiləsi aparmağı sevirlər”,-deyə V. Fekete diqqətə çatdırıb.

V. Fekete müsahibəsində Müqəddəs Taxt-Tacdakı səfirlərimizlə olan əlaqələrindən söz açaraq, Heydər Əliyev Fondu və Vatikan arasındakı əməkdaşlığa toxunub, tərəflər arasında mədəniyyət sahəsində layihələrin yeniləndiyini bildirib.

"Xarici ölkələrə səyahətlərim zamanı Azərbaycanda din azadlığı, insanlar və dinlər arasında münasibətlərə dair suallar verilir və bu ölkə ilə maraqlanan insanlarla dialoq aparıram. Belə hallarda öz həyat hekayəmi bu ölkəyə ziyarətə dəvət etməklə yekunlaşdırıram”,-deyə V. Fekete bildirib. "Sanitar vəziyyətlə bağlı səyahət məhdudiyyətləri bitən kimi, səyahət proqramınıza Azərbaycanı da daxil edin”,-deyə V. Fekete qəzetin oxucularına müraciət edib.

Xəbər lenti