Tarix Muzeyində vebinar: COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanaların işinin təşkili

Tarix Muzeyində vebinar: COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanaların işinin təşkili

Bakı, 17 may, RezonansPress.az 


Mayın 18-də Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanaların işinin təşkili” mövzusunda vebinar keçiriləcək.

Muzeydən bildirilib ki, vebinarda pandemiya dövründə muzey, arxiv və kitabxanalarda iş fəaliyyətinin istiqamətləri, elmi işlərin aparılması, ekspozisiya və sərgilərin qurulması zamanı yaranan çətinliklər, oxucularla işin təşkili və bu kimi mövzular müzakirə olunacaq. Eyni zamanda, muzey, kitabxana və arxivlərdə pandemiya dövründə müasir tendensiyalara uyğunlaşma, tədqiq və təbliğ məsələlərinin təşkili problemlərindən bəhs olunacaq. Başlıca məqsəd paytaxt muzey, kitabxana və arxivlərinin bölgələrlə əməkdaşlığını daha da artırmaq, əldə edilmiş təcrübələri bir-biri ilə paylaşmaq və yeni texnologiyalar dövründə adı çəkilən müəssisələrdə iş fəaliyyətinin daha səmərəli təşkilidir.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin, Arxeologiya və Etnoqrafiya Muzeyinin, Göyçay Mərkəzi Kitabxanasının, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin, Quba Soyqırımı Memorial Kompleksinin, Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin rəhbərləri və əməkdaşları çıxış edəcəklər.

Xəbər lenti