Şuşa Bəyannaməsinin imzalanması bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə dostluğu əbədidir, sarsılmazdır

Şuşa Bəyannaməsinin imzalanması bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə dostluğu əbədidir, sarsılmazdır

Bakı, 19 iyun, RezonansPress.az

Azərbaycan 28 ildən sonra - 2021-ci il iyunun 15-də Milli Qurtuluş Gününü qalib xalq və dövlət kimi qeyd etdi. Bu təqvim günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Milli Qurtuluş Gününə bayram qatan isə məhz qardaş Türkiyə oldu. Bu, bizim üçün ikiqat bayrama çevrildi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, o cümlədən Şuşaya səfəri ölkə tarixinin ən əlamətdar və yaddaqalan hadisələrindən biri oldu.

Tarixdən də məlumdur ki, Azərbaycan xalqı və Anadolu türkləri həmişə bir-birinə yaxın olublar. Bu xalqların dili, dini, adət-ənənələri eynidir. Hələ Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti ilə çar Rusiyası arasında qarşıdurma başlayanda azərbaycanlı əhali Rusiyanın təbəəliyi altında olsa da, gənclərimiz müxtəlif yollarla Türkiyəyə keçərək məşhur Çanaqqala döyüşündə iştirak ediblər. Bu döyüşdə şəhidlik zirvəsinə ucalan azərbaycanlı döyüşçülərin adı yalnız 70 il hökm sürən sovet hakimiyyətinin süqutundan sonra xatırlandı. Yəni, Çanaqqalada qəhrəmanlıq göstərən həmyerlilərimizin xatirəsi yalnız Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra anıldı.

1914-1918-ci illər müharibəsinin ən uğurlu hadisələrindən biri təbii ki, 1917-ci ilin fevralında çar Rusiyasında baş verən burjua inqilabı nəticəsində 300 ildən artıq hakimiyyətdə olan Romanovlar sülaləsinin devrilməsi oldu. Çar Rusiyasına zorla birləşdirilən xalqların bəziləri ərazi muxtariyyəti, bəziləri isə müstəqillik uğrunda mübarizəyə başladılar. Mübarizə aparan xalqlardan biri də Azərbaycan xalqı və onun milli-demokrat ziyalıları oldu. Müstəqillik və dövlətçilik uğrunda mübarizədə müəyyən problemlər meydana çıxdı. Dövlətin qurulması üçün təbii ki, ordunun olması, paytaxtın seçilməsi vacib idi. Problemlər hərb sahəsində özünü daha çox büruzə verirdi. Hərbi kadrlar çatışmırdı, çünki çar Rusiyasında gürcülərdən və ermənilərdən fərqli olaraq, azərbaycanlıları müharibəyə aparmırdılar, hərbi təlim keçmirdilər. İkinci problem isə paytaxtın seçilməsi məsələsi idi. Bolşeviklər, eserlər və menşeviklər, eləcə də Daşnaksütyun partiyasının fəalları, Bakı sovetinin qüvvələri iddia edirdilər ki, Bakı məhz onlara məxsusdur və Bakı heç zaman müsəlman əhalinin paytaxtı ola bilməz. Xüsusilə Bakı sovetinə rəhbərlik edən Stepan Şaumyanın Azərbaycan xalqına qarşı olan düşmən münasibətinin nəticəsidir ki, 1918-ci ilin martında Bakı və ətraf qəzalarda türk-müsəlman əhalisinə qarşı soyqırımı aktı həyata keçirildi. Bu hadisədən sonra Azərbaycanın sosial-demokratları nicat və çıxış yolunu Osmanlı imperiyasında gördülər.

RezonansPress.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun "Şuşa Bəyannaməsinin imzalanması bir daha sübut etdi ki, bu iki qardaş ölkənin dostluğu əbədidir, sarsılmazdır” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin deyilir: "1918-cu il mayın 28-də Azərbaycan xalqının tarixinə, taleyinə günəş doğdu, Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Müstəqilliyini yenicə elan edən Azərbaycan üçün 20 minlik ordusu olan Şaumyan hökuməti ilə baş etməsi çətin məsələ idi. Belə bir çətin vaxtda özü də çətin günlər yaşayan Türkiyə tərəddüd etmədən Qafqaz İslam Ordusunu Azərbaycana köməyə göndərdi. Bu, bizim xilasımız oldu.

2021-ci il mayın 15-də Azərbaycan-Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması iki ölkə və xalqın tarixən formalaşan dostluğunun yeni müstəviyə keçməsi deməkdir. Bu tarixi sənəd həm də Qars müqaviləsinin davamıdır. Qars müqaviləsinin Azərbaycan üçün ən böyük əhəmiyyəti Naxçıvanla bağlı idi. 20 bənddən ibarət olan müqaviləyə 3 bənd də əlavə olunmuşdu. Beşinci bəndə qeyd olunurdu ki, Naxçıvan Azərbaycanın himayəsi altında müstəqil respublika yaradır. Bir sözlə, Naxçıvanın Azərbaycanın tərkibində qalması məhz Qars müqaviləsinin nəticəsidir.

Şuşa Bəyannaməsinin imzalanması bir daha sübut etdi ki, bu iki qardaş ölkənin dostluğu əbədidir, sarsılmazdır. Azərbaycan və Türkiyə tarix boyu həmişə bir-birinin yanında olublar və indi də belədir. Türkiyə Respublikası həm münaqişə, həm də Vətən müharibəsi dövründə Azərbaycanın mövqeyini yüksək səviyyədə dəstəklədi və siyasi və mənəvi köməyini əsirgəmədi. Qars müqaviləsi üzrə Türkiyə üzərinə hansı məsuliyyəti götürübsə, Şuşa Bəyannaməsində hər iki dövlət - Azərbaycan və Türkiyə öz üzərinə məsuliyyət götürdü. Azərbaycan da öz növbəsində hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib və bundan sonra da olacaq. Şuşa Bəyannaməsinin imzalanması həm də dünyaya bir mesajdır. İki ölkənin başçısı Şuşadan mesaj verdilər ki, Qarabağ Azərbaycanındır və onun təhlükəsizliyi üçün hər hansı maneə olarsa, mütləq cavabı veriləcək. İki qardaş ölkənin liderləri çıxışları ilə Şuşadan mesaj verdilər ki, bu bölgə artıq sülhün, təhlükəsizliyin, qarşılıqlı əlaqələrin, əməkdaşlığın məkanına çevriləcək. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclisdə çıxışı ilə bütün dünyaya Azərbaycan-Türkiyə dostluğunun əbədi olduğunu nümayiş etdirdi. Türkiyə liderinin çıxışının ana xəttini Azərbaycan və Türkiyə dostluğunun yeni müstəviyə keçməsi təşkil edirdi.

Zamanın çoxəsrlik sınağından çıxan Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı, dostluğu hər hansı iqtisadi, siyasi maraqlar üzərində qurulmayıb. Bu, eyni dindən, soykökündən gələn, qardaşlıqdan doğan münasibətdir. Bu dostluğa heç bir qüvvə mane ola bilməz.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə aparılır. Qarabağ tezliklə cənnətə çevriləcək. Bu yerlərin sakinləri öz yurdlarına qayıdacaq və burada əmin-amanlıqla yaşayacaqlar. Qarabağ Azərbaycandır. Var olsun, Azərbaycan-Türkiyə qardaşlığı!

Xəbər lenti