Rusiyadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Fərman Salmanovun 90 illiyinə həsr olunmuş fotosərgi açılacaq

Rusiyadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Fərman Salmanovun 90 illiyinə həsr olunmuş fotosərgi açılacaq

Moskva, 28 iyul, RezonansPress.az 


İyulun 28-də Rusiyada ənənəvi Xalq Təsərrüfatları Nailiyyətləri Sərgisinin "Azərbaycan” pavilyonunda tanınmış neftçi alim, geoloq Fərman Salmanovun anadan olmasının 90 illik yubileyi münasibətilə arxiv fotoşəkilləri sərgisinin açılış mərasimi keçiriləcək.

RezonansPress.az xəbər verir ki, tədbir 25 saylı "Neft” pavilyonunun köməyi ilə keçiriləcək.

Əfsanəvi geoloq və neftçi, həmyerlimiz Fərman Salmanov Sibir neftini kəşf edənlərdən biri kimi dünya tarixinə düşüb. O, geologiya-mineralogiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı, RSFSR-in əməkdar geoloqu, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Geologiya nazirinin birinci müavini olub.

F.Salmanov Tümen geologiya məktəbinin qurucusu, Qərbi Sibirdə 150-dən çox neft və qaz yatağını kəşf edən ekspedisiyanın iştirakçısıdır. Neft və qaz yataqlarının formalaşması və paylanması məsələlərinə dair elmi məqalələrin müəllifi olan F.Salmanovun 160-dan çox elmi məqaləsi və 10 monoqrafiyası dərc edilib.

Görkəmli alim Rusiya və Azərbaycan neft sənayesi tarixinin ayrılmaz hissəsidir. Xalq Təsərrüfatları Nailiyyətləri Sərgisinin "Azərbaycan” pavilyonunda F.Salmanova həsr olunmuş stend fəxri yerdə yerləşdirilib.

Görkəmli neftçi-geoloqun xatirəsi əbədiləşdirilib, onun adı bir sıra küçələrə verilib. Bundan başqa, alimin xatirəsinə beynəlxalq yarışlar təşkil edilir. Surqut Beynəlxalq Hava Limanı 2019-cu il mayın 31-dən Fərman Salmanovun adını daşıyır.

Xəbər lenti