Rusiyada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

Rusiyada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

Moskva, 19 iyun, RezonansPress.az


Rusiyada koronavirus infeksiyasına tutulan xəstələrin 70 faizində, təkcə Moskvada isə 90 faizində Hindistan ştamı aşkar edilib.

RezonansPress.az xəbər verir ki, Rusiya epidemioloqları ölkədə koronavirus pandemiyasının üçüncü dalğasının başlandığını bildirirlər. Həkimlərin sözlərinə görə, Hindistan ştamı (Delta ştamı) daha sıx olduğundan, orqanizmə daha asanlıqla düşə bilir. Əsasən, gənclərin və uşaqların yoluxduğu koronavirusun bu növünün daha ağır fəsadları müşahidə edilir. Xəstələr trombların yaranması, insult, qanqren, ağciyər arteriyalarının tromboemboliyası, psixikanın pozulması və digər fəsadlarla üzləşir. Yeni ştamın simptomları əvvəlkindən fərqləndiyindən, bir çox hallarda insanlar koronavirusa deyil, adi respirator xəstəliklərə yoluxduqlarını zənn edir və fəal həyat tərzi sürürlər. Belə ki, Delta ştamı özünü iybilmənin itirilməsi ilə deyil, güclü boğaz və başağrısı, mədə-bağırsaq ishalı, yüksək hərarət ilə büruzə verir.

Rusiyada istifadə olunan "Sputnik V” və digər peyvəndlərin virusun bu növü ilə mübarizədə az səmərəli olduğu da məlumdur. Eyni zamanda, Nyu-Cersidəki Rattgers Universitetinin professoru Konstantin Severinov bildirib ki, yeni ştam peyvənd olunmamış orqanizmə düşür, xəstələrin sayı artır və beləliklə də virus aqressivləşərək peyvənd olunmuş adamlara da yoluxur. Professor çıxış yolunu yalnız kütləvi şəkildə peyvənd olunmaqda görür. Əks halda, onun fikrincə, ölkələrin səhiyyə sistemlərini yeni sınaqlar gözləyir. Delta ştamı, həmçinin peyvənd vurulmuş insanlarda immun müqavimətini bir neçə dəfə azaldır.

İyunun 19-da Rusiyada 17 906 nəfərdə koronavirus aşkarlanıb. Moskvada isə pandemiya başlananda ən yüksək göstərici - 9 120 xəstə qeydə alınıb. Moskvada iki ay ərzində idarə və müəssisələrin işçilərinin icbari peyvəndlənməsinə başlanır. Miqrantlara isə iyulun əvvəlindən "Sputnik layt” peyvəndi vurulacaq.

Rusiyanın "Vektor” Dövlət Virusologiya və Biotexnologiya Mərkəzi Hindistan ştamının nümunələrini artıq alıb. Alimlər 3 ay ərzində virus üzərində tədqiqatlar aparacaqlar.

Xəbər lenti