Parisdə Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların xatirəsi yad edilib VİDEO

Parisdə Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların xatirəsi yad edilib VİDEO

Paris, 9 sentyabr, RezonansPress.az


Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin, UNESCO yanında Daimi Nümayəndəliyimizin və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

RezonansPress.az xəbər verir ki, tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev, Parisdəki diplomatlarımız, fransız deputatlar, jurnalistlər, yerli ictimaiyyətin, eləcə də diasporamızın nümayəndələri iştirak ediblər.

Anım konsertindən əvvəl səfir Rəhman Mustafayev çıxış edərək, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə başladığı hərbi təcavüz haqqında məlumat verib. Bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistanın başladığı hərbi təcavüz nəticəsində əsir və girov götürülmüş 3890 azərbaycanlı haqqında hələ də məlumat yoxdur. Girov götürmə beynəlxalq humanitar hüquqla qadağan olmasına baxmayaraq, Ermənistan tərəfi uşaqları, qadınları və ahıl insanları girov və əsir götürüb, onları azad etməyib. 30 il əvvəl Birinci Qarabağ müharibəsində erməni hərbi təcavüzü nəticəsində itkin düşmüş çoxsaylı soydaşlarımızın ailə üzvləri və yaxınları həsrət və iztirab içində əzizlərinin taleyi ilə bağlı məlumat gözləyirlər.

Erməni əsirliyindən 1435 azərbaycanlı azad edilmiş olsa da, hələ də 3890 əsir və girov götürülmüş azərbaycanlıdan xəbər yoxdur.

Ermənistanın azərbaycanlıları əsir-girov götürməsinə dair təkzibedilməz faktlar olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistanda, eləcə də erməni işğalı altında olmuş ərazilərimizdə yüzlərlə azərbaycanlıya əsir-girovluqda dözülməz fiziki və mənəvi-psixoloji işgəncələr verilib.

Səfir R. Mustafayev Qarabağ müharibəsində itkin düşmüş, girov və əsir götürülmüş azərbaycanlılar haqqında məlumat əldə edilməsi məqsədilə ölkəmizin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq səviyyədə apardığı işlərdən söz açıb. Vurğulayıb ki, regionda təhlükəsizliyin təmin edilməsi, sülhün bərpası əsas prioritetdir. Bu istiqamətdə dost ölkələrin, eləcə də Fransanın iştirakı vacibdir.

Həmçinin Mədəniyyət Mərkəzində itkin düşmüş, əsir-girov götürülmüş azərbaycanlılarla bağlı sərgi təşkil edilib. Sərgidə əsir və girovluqda olmuş, sonradan azad olmuş bəzi insanlar haqqında fotolar və yazılar nümayiş olunub.

Tədbir itkin düşmüş və əsir-girov götürülmüş azərbaycanlıların xatirəsi yad edilən anım konserti ilə davam edib.

Konsertdə Etibar Əsədli (piano), Səddam Novruzbəyov (balaban) kimi azərbaycanlı musiqiçilərlə bərabər fransız musiqiçisi Alba Obert (violon) də iştirak edib. Konsertdə "Laçın”, "Qubanın ağ alması”, "Sarı gəlin”, "Ayrılıq” mahnıları ilə bərabər 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Xudayar Yusifzadənin "Vətən yaxşıdır” mahnısı da səsləndirilib.

 



Xəbər lenti