Nyu-York qubernatoru nikah həddinin 18 yaşadək artırılması barədə qanun imzalayıb

Nyu-York qubernatoru nikah həddinin 18 yaşadək artırılması barədə qanun imzalayıb

Vaşinqton, 26 iyul, RezonansPress.az 


Nyu-York ABŞ-da erkən nikahların qadağan edildiyi sayca altıncı ştatdır.

RezonansPress.az xəbər verir ki, qubernator Endryu Kuomonun imzaladığı qanuna görə, nikaha daxil olmaq üçün minimal yaş həddi 18 yaş təyin olunub. Qanun 30 gündən sonra qüvvəyə minəcək.

Kuomo bildirib ki, onun administrasiyası Nyu-Yorkda erkən nikahların qarşısının alınması üçün var qüvvəsi ilə mübarizə aparıb. Onun sözlərinə görə, "yeni qanun həmin uşaqları istismardan daha yaxşı qoruyacaq”. Qubernator bu addımın atılmasında və ştatda məcburi nikahların bundan sonra da qarşısının alınması ilə bağlı görülən tədbirlər üzərində çalışan bir çox qanunvericilərə və hüquq müdafiəçilərinə minnətdarlığını bildirib.

Xatırladaq ki, Kuomo hələ 2017-ci ildə nikaha daxil olmaq üçün yaş həddini 14-dən 18-ə artıraraq, erkən nikahların aradan qaldırılması ilə bağlı qanun imzalamışdı. Lakin qanun hələ də valideynlərin və məhkəmənin razılığı ilə 17 yaşında nikaha daxil olmağa icazə verirdi. Bəzi aktivistlər vurğulayırlar ki, bu, həddi-büluğa çatmayanların valideynləri tərəfindən nikaha daxil olmağa məcbur edilməsi deməkdir. Yeni qanun bu kələyin qarşısını alacaq. Nyu-Cersi, Delaver, Pensilvaniya, Minnesota və Rod-Aylend ştatları da həddi-büluğa çatmayanların nikaha daxil olmalarını tamamilə qadağan edən qanunlar tətbiq ediblər. Buna baxmayaraq, ştatların əksəriyyətində 18 yaşadək olan gənclərə, o cümlədən qanun çərçivəsində, valideynlərinin razılığı və ya məhkəmənin icazəsi ilə nikaha daxil olmalarına hələ də icazə verilir.

Xəbər lenti