Milli qəhrəman İbad Hüseynli “...həm də ona görə qürurluyam ki, qalib ölkənin, qalib Prezidentinin qalib qəhrəmanı oldum”

Milli  qəhrəman İbad Hüseynli “...həm də  ona  görə qürurluyam ki, qalib ölkənin, qalib Prezidentinin qalib qəhrəmanı oldum”
 
 
 Xalqa, dövlətə təmannasız xidmət edən ,xarici səfərlərdə, görüşlərdə Azərbaycan bayrağını dalğalandıran, dövlətimizi, dövlətçiliyimizi yüksək səviyyədə  təbliğ edən,  Azərbaycan xalqının layiqincə təbliği ilə məşğul olan son 10 il müddətində İbad Hüseynli qəhrəmanlığı harda işıqlandırılıbsa, orda Ulu Öndər Heydər Əliyev siyasətindən və İlham Əliyevin xalqa sədaqətlə,inamla, sevgi ilə xidmətindən bəhs  edən  qəhrəmanımız İbad  Hüseynli ilə  müsahibəni  təqdim edirik.
 
 Milli  qəhrəman  İbad Hüseynli:"Türkiyə və Azərbaycan Prezidentlərinin Şuşa görüşü, Şuşa bəyannaməsi tarixə qızıl hərflərlə yazıldı"

 



 

-İbad müəllim 44 günlük müharibədən bəhs edək. O günlər ərzində siz demək olar ki, bütün Qarabağın rayonlarında oldunuz. Bu haqda nə deyə bilərsiniz?

 

-44 günlük müharibəni biz 30 il gözləmişik. Bız artıq rahat nəfəs ala bilərik,  çünki şəhidlərimizin  ruhu, ana-bacılarımızın təhqir edilmiş  namusunun  qisası  alındı. Bu müharibə bizim Ali Baş Komandanımızın uzun illər ölçüb biçdiyi nailiyyətidir. Qələbənin əsas uğuru o komandanı, əmri verənin kim olmasından asılıdır. Mən bunu döyüşlərdə görmüşəm. Döyüşdə komandir yerindədirsə, düzgün komanda verə bilirsə o həmişə uğur qazanır. Bizim Ali Baş Komandanımızın "dəmir yumruq” u sayəsində biz qələbə qazandıq. 44 günlük  müharibənin içərisində oldum. 1990-1993-cü illərdəki  uğursuzluğumuz Ali Baş Komandanımızın yerində olmamasından irəli gəlib. Birliyimizin olmamasından asılı olub. Uduzmadıq, məğlubiyyətimiz oldu. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi  ilə  birliyimizin bünövrəsi qoyuldu. Dövlət, ordu yenidən quruldu. Bu günkü qələbənin də zəfəri həmin bünövrənin nəticəsidir. Doğru yolun düzgün davam etməsi, cənab Prezidentimizin düzgün davam etdirməsi nəticəsində biz bu günlərin şanlı qələbəsini yaşadıq. Prezidentimiz İlham Əliyev sınmış qürurumuzu, itirilmiş  inamımızı özümüzə qaytardı. Bu gün hamımızın başı ucadır. Yadıma düşür, xarici səfərlərdə görüşlərə çağrılanda danışmağa  çətinlik çəkirdik, çıxış edərkən sıxılırdıq, utanırdıq.  Bu gün isə Ali Baş Komandan bizə  yenidən inamımızı qaytardı. Bu gün bizim güclü ordumuz var.Prezidentimizin ətrafında  sağlam, vətənə baglı insanlar var.  Mən həmişə deyirdim ki, biz qürurumuza nail olmaq istəyiriksə, ancaq Ali Baş Komandanımızın ətrafında birliyimiz   və gücümüz sayəsində ola bilər. 

 


 

-İbad Hüseynov  həm  də Türk dünyasının qəhrəmanıdır. Müharibə zamanı Türkiyədən Azərbaycana böyük dəstək olundu. Bu böyük qardaşlığın sübutu idi.  Türkiyə-Azərbaycan qardaşlığı ilə bağlı, Şuşa bəyannaməsi ilə bağlı nə deyə bilərsiniz?


 


 

-Müharibənin ilk başlanğıcı Tovuz hadisələri ilə başladı. Erməni  faşistləri  dinc  durmurlar. Ali Baş Komandanımız humanist  addımlar, danışıqlara cəhd etsə  də, qarşı tərəf erməni vandalları  anlamadılar.  Prezidentimiz  də  "dəmir yumruğu” göstərmək məcburiyyətində qaldı.  Xarici düşmənlərimizi  tanıyrıq, lakin içimizdəki düşmənləri tanıya bilmirik.  Mən 1990-1993-cü illərdə  Heydər Əliyevin əsgəriyəm  deyirdim. Bu gün də İlham Əliyevin əsgəri olaraq fəxr edirəm ki, xalqımızın  İlham Əliyev kimi prezidenti var. Prezidentimiz  ermənilərdən 200 illik qisasımızı aldı. Zəfər çaldıq. Mən  də  keçmiş döyüşçü, kəşfiyyatçı olaraq çox şadam ki,  qalib bir dövlətin, zəfər qazanmış Prezidentimizin əsgəriyəm. Qarabağımıza da, digər bölgələrimizə də, itirilmiş keçmişimizə, qürurumuza nail olmaq üçün iki qardaş Türkiyə  və Azərbaycan bir olmalıdır. Bizim gücümüz, bizim birliyimizdədir. Ali Baş komandanımızın yeritdiyi siyasət nəticəsində biz bunlara nail olduq. Türk dünyasının lideri Rəcəb Tayyip Erdoğanın Şuşaya gəlməsi bir daha göstərdi ki, Prezidentimizin də dediyi kimi Qarabağ Azərbaycandır. Bizim üçün ən böyük dəyər Türkiyə kimi bir qardaşımızın olmasıdır. 

44  günlük  müharibə zamanı Türkiyə dövləti  Azərbaycanda  baş verən  hadisələri  dünyaya  yayımladı. Biz ilk xəbərləri Türk kanallarından  izləyirdik.  Türkiyə  dövləti  və bütün rəsmiləri  Qarabağla baglı bütün hadisələrə öz mövqelərini bütün  sahələrdə göstərdilər və hələ də göstərməkdə davam edirlər.  Türkiyənin Azərbaycanın yanında olması bir çox dövlətlərdə qısqanclıq hissi yaratdı. Tarix  sanki təkrarlanır. 1905-1915, 1918- 1920 -ci illərdə olduğu kimi  Türkiyə öz  qardaşlığını 2020-2021 –ci illərdə bütün varlığı ilə göstərdi.  Bu  siyasət və  addımlar Türkiyə  və Azərbaycan qardaşlığının əbədiliyini, bölünməzliyini bir  daha  sübut etdi.  Atalar demişkən,  "dost  dar gündə tanınar” Türkiyə öz dostluğunu da, qardaşlığını da bir daha göstərdi. Türkiyə və Azərbaycan Prezidentlərinin Şuşa görüşü, Şuşa bəyannaməsi tarixə qızıl hərflərlə yazıldı. Şuşa görüşü həm də Azərbaycanın bütün sahələrdə işıqlı gələcəyinin təminatçısı  və  təhlükəsizliyinin təminatıdır.

 

-Xalq Sizi onsuzda Milli qəhrəman olaraq tanıyırdı. Adınız  rəsmiləşəndən sonra  dəyişən nəsə oldu?

 

-Əlbəttə, haqlısınız. Hamı elə tanıyırdı. 2020 -ci il bizim üçün  qələbə ili olaraq yadda qaldı.Tək dəyişən Ulu Öndərimizin layiqli davamçısı, zəfər yolunda qətiyyətlə addımlayan Cənab Prezidentimizin bu adı mənə rəsmi olaraq verməsidir. Bu da mənim üçün çox dəyərlidir. Ulu Öndərimiz məhz mənə səngərdə, döyüşdüyüm bölgəyə, mənim kəşfiyyat qrupumun olduğu yerə gəlib, mənə "Azərbaycan bayrağı” ordeni verməsi, daha sonra onun da layiqli davamçısı Ali Baş Komandanımız tərəfindən   "Milli Qəhrəman” adının verilməsi mənim üçün çox qiymətlidır. Çox qürurluyam və şərəfimlə, dövlətə sadəqətimlə, Prezidentimin  adına layiq xidmətlərimlə bu adı daşıyacam.

 

-Türk Dünyasının Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olaraq layihələriniz varmı?

 

-Məlum Covid -19 virusu  ilə baglı  bir çox  işlərimiz, layihələrimiz təxirə salınsa da, yaxın gələcəkdə layihələrimizi  gerçəkləşdirəcəyik.  Vətən, torpaq  uğrunda çalışmaq, savaşmaq bizim mənəvi borcumuzdur. Mənim də tək  arzum Ali Baş Komandanıma, millətimə layiqli şəkildə xidmət etməkdir. Mənim yolum Vətənə təmannasız xidmətdən ibarətdir. Mən özümü ona görə xoşbəxt hesab edirəm ki, 50 illik yubiley ərəfəsində həm Qarabağın azadlığının sevincini yaşadım, həm də Ali Baş Komandanım tərəfindən "Milli Qəhrəman” adını aldım. Və həm də  ona  görə xoşbəxt hesab edirəm ki, mən qalib ölkənin, qalib Prezidentinin qalib qəhrəmanı oldum.


 

G.Behbud

 

RezonansPress.az


 


Xəbər lenti