Koronavirusla bağlı müsbət dinamika Prezident İlham Əliyevin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin nəticəsidir

Koronavirusla bağlı müsbət dinamika Prezident İlham Əliyevin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin nəticəsidir

Bakı, 18 iyun, RezonansPress.az 


Koronavirusla bağlı müsbət dinamika Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə həyata keçirdiyi qabaqlayıcı tədbirlərin nəticəsidir. Azərbaycanda vəziyyət günbəgün müsbətə doğru dəyişir. Koronavirusdan sağalanların sayı yoluxanların sayını dəfələrlə üstələyir, ölüm halı isə ya qeydə alınmır, ya da minimum sayda xəstə dünyasını dəyişir. Vətəndaşların sağlamlıqlarına qovuşması və pandemiyadan tamamilə qurtulub normal həyata qayıtmaq üçün mütləq peyvənd vurdurmalıyıq.

RezonansPress.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti, eyni zamanda şəxsi nüfuzu sayəsində Azərbaycan vaksin əldə edən ilk dövlətlərdəndir. Dünyanın bir çox ölkəsi peyvənd əldə etmək üçün, sözün həqiqi mənasında, mübarizə aparır, hətta bəzi ölkələr vətəndaşlarını hələ də vaksinlə təmin edə bilməyiblər. Azərbaycan isə Prezident İlham Əliyevin məhz uzagörənliyi sayəsində qısa zamanda vaksin əldə edə bildi. Hazırda ölkədə peyvəndləmə davam etdirilir və şükürlər olsun ki, vaksin çatışmazlığı ilə üzləşməmişik.

Kamilə Əliyeva vurğulayıb ki, vətəndaşlar ailələri, yaxınları və ümumiyyətlə xalqımızın sağlamlığı naminə vaksinasiyanın vacibliyini başa düşüb könüllü şəkildə peyvənd vurdurmalıdırlar. Pandemiya elan olunan gündən dünyanın əksər dövlətlərində koronavirusa qarşı peyvənd hazırlanmağa başlanıldı, müxtəlif vaksinlər sınaqdan keçirilirdi. Beləliklə, istifadə üçün ilk təsdiqlənənlərdən biri də Çinin "Sinovac” şirkətinin peyvəndi oldu. Daha sonra isə Rusiyanın, eləcə də Avropanın bir sıra dövlətləri tərəfindən müxtəlif vaksinlər istehsal edildi. Ölkəmizdə 4 vaksindən – "Sinovac”, "AstraZeneca”, "Sputnik V” və "Pfitzer”dən istifadə edilməsi də təsdiq edir ki, vaksin çatışmazlığı yoxdur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvəndləmə könüllülük prinsipi əsasında həyata keçirilir. Yəni, heç kim vaksinasiyaya məcburi cəlb edilmir. Lakin peyvənd vurdurmaq ona görə vacibdir ki, koronavirusa qarşı kollektiv immunitet nə qədər tez yaranarsa, pandemiyadan da o qədər tez qurtula bilərik.

"Koronavirusla bağlı müsbət dinamika nəticəsində, may ayından etibarən ölkədə bir sıra məhdudiyyətlər aradan qaldırıldı. Bu göstəricilər bizi yenə ümidləndirir ki, yaxın gələcəkdə daha bir neçə məhdudiyyət ləğv edilə bilər. İstənilən halda vətəndaşlar arxayınlaşmamalı, ehtiyatı əldən verməməlidirlər. Çünki dünyada koronavirus infeksiyasının yeni ştamları yaranır və sürətlə yayılır. Beləliklə, xalqımız əvvəlki vəziyyətə qayıtmamaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı tövsiyələrinə əməl etməlidir. Qapalı yerlərdə tibbi maskalardan istifadə, eyni zamanda, sosial məsafənin qorunması, kütləvi yığıncaqların təşkil edilməməsi və şəxsi gigiyena kimi bir çox məsələlərə diqqət yetirmək lazımdır”, - deyə komitə üzvü fikrini tamamlayıb.

Xəbər lenti