“Hubble” teleskopu Qanimedin atmosferində su izi aşkar edib

“Hubble” teleskopu Qanimedin atmosferində su izi aşkar edib

Bakı, 27 iyul, RezonansPress.az


"Hubble” orbital teleskopu ilk dəfə olaraq Qanimedin (Yupiterin ən böyük peyklərindən biri) atmosferində su buxarı izinin olduğunu müəyyən edib.

RezonansPress.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunun nəticəsində alimlər Qanimedin atmosferinin necə yarandığını təxmin ediblər. Tədqiqatın nəticələri "Nature Astronomy” jurnalında dərc olunub. Tədqiqatçıların fikrincə, Qanimedin seyrək atmosferi onun səthindəki buzun Günəş şüalarının və yüklü hissəciklərin təsiri altında daim buxarlanması nəticəsində meydana gəlib. Lakin müşahidələr göstərib ki, onun atmosferində oksigen var, su isə yoxdur. "Hubble” teleskopunun məlumatlarında onun izi ilk dəfə aşkarlanıb.

Alimlər Qanimedin seyrək atmosferinin olmasını çoxdan bilirlər: onun izini "Hubble” 1998-ci ildə kəşf edib. Teleskop Qanimedin ətrafında çoxlu miqdarda oksigen ionları aşkarlayıb. Alimlər güman edirdilər ki, su molekulları onun mənbəyi ola bilər. Lakin sonralar Qanimedin atmosferində su izi tapılmayıb.

Cənub-Qərb Tədqiqat İnstitutundan (ABŞ) Kurt Rezerfordun rəhbərliyi ilə astronomlar Qanimedin 2018-ci ildə bir neçə saat Yupiterin kölgəsində olduğu vaxt aparılmış müşahidələrin nəticələrini analiz ediblər. Onları "Hubble” teleskopunun əvvəlki illərə aid məlumatları ilə tutuşduran alimlər Qanimedin spektrindən oksigen siqnalını "pozublar” və nəticədə peykin spektrində "su” xəttini görüblər. Əvvəllər onu oksigen inolarından olan daha güclü siqnal boğurdu.

Alimlər Qanimedin atmosferində suyun konsentrasiyasını qiymətləndiriblər və təxmini kütləsini ölçüblər. Həmçinin aşkar ediblər ki, peykin işıqlı və tünd tərəflərində su buxarının konsentrasiyası son dərəcə fərqlənir. Günəş tərəfdə Yupiterin peykinin hər kvadratsantimetrinə 30 nanoqram düşüb, əks tərəfdə isə əsla olmayıb.

Xəbər lenti