Hamilələrin və süd verən anaların peyvənd vurulması tövsiyə olunmur

Hamilələrin və süd verən anaların peyvənd vurulması tövsiyə olunmur

Bakı, 18 iyun, RezonansPress.az 


Ana olmaq hər bir qadının arzusu olsa da, yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə hamiləlik yaşayanlar peyvəndlə əlaqədar müəyyən tərəddüd hissi keçirirlər.

RezonansPress.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayevanın verdiyi məlumata görə, hamilə qadınlar müəyyən şərtlər daxilində peyvənd oluna bilərlər: "Risk qrupuna daxil olan hamilələrdə, yəni, virus infeksiyasına yoluxacağı təqdirdə xəstəliyi ağır keçirmə və ciddi patologiya ilə üzləşmə ehtimalı varsa, onlar peyvəndlənə bilərlər. Yanaşı xroniki xəstəliyi olanlara isə peyvənd vurdurmaq məsləhət görülmür. Lakin peyvənd edilmək hamiləliyi planlaşdıranlar üçün əks göstəriş deyil, yəni, hamilə olmağı planlaşdıranlar da peyvənd vurdura bilərlər. Peyvənd olunandan bir ay sonra gələcək anaların hamilə qalmağı daha yaxşı olardı. Ancaq bu müddət heç də mütləq deyil və heç də o demək deyil ki, həmin bir ay ərzində qadın hamilə qalarsa, bu, fəsad törədə bilər və yaxud da hamiləliyi ləğv etmək lazımdır”.

Həkim-infeksionist onu da deyib ki, hamiləlikdən əvvəl infeksiyalara qarşı immunitet yoxlanılması daha yaxşı olardı. Bu, ana olmaq istəyənlər üçün məxmərək, tetanus, difteriya, göyöskürək kimi xəstəliklərdən sığorta olunmaq üçündür. Hamilə və süd verən anaların peyvənd edilməsinin göstəriş və əks göstərişləri mütləq şəkildə elmi məlumatlara və istehsalçı şirkətin tövsiyələrinə əsaslanmalıdır.

"Hazırda Azərbaycanda tətbiq edilən peyvəndlərin istehsalçısı olan şirkətlər də bildirirlər ki, hamilə və süd verən analara peyvənd vurulması tövsiyə olunmur. Bu, hansısa ciddi patologiya törədə biləcəyi üçün deyil, COVID-19 əleyhinə peyvəndlərin hamilələrdə səmərəsini yoxlamaqdan ötrü çox az qrup üzərində sınaqdan keçirildiyi üçün məsləhət görülmür”, - deyə həkim-infeksionist bildirib.

Hamilə qadınların peyvənd edilməsi məsələsində ehtimal olunan risk ciddi dəyərləndirilməlidir. Bundan başqa, mütəxəssislər ana olmağı planlaşdırmazdan əvvəl vaksin vurdurmağı məqsədəuyğun hesab edirlər.

Xəbər lenti