Ənənələrə sədaqətlə

Ənənələrə sədaqətlə

Ölkəmizin təhsil ictimaiyyəti yüksək ovqatla əlamətdar bir hadisənin yubileyini də qeyd etməyə hazırlaşır. 2021-ci ildə XX əsrin 20-ci illərindən təkcə Azərbaycan xalqının maariflənməsi, ölkəmizdəki təhsil işinin təşkilində deyil, onun ictimai-siyasi, ədəbi və mədəni həyatında özünəməxsus ciddi xidmətləri olan ali təhsil ocağının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaradılmasının 100 ili tamam olur. Onu vurğulamaq lazımdır ki, universitet fəaliyyətdə olduğu bu illər ərzində yalnız ölkəmizi ali təhsilli pedaqoji kadrlarla təmin etməmiş, tarixi Azərbaycan torpaqlarının ərazisində yaradılmış bu günkü Ermənistan dövləti, Gürcüstan Respublikası, Dağıstan və Orta Asiya ölkələri üçün də yüksək ixtisaslı müəllimlər hazırlamışdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il aprelin 17-də imzaladığı "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamda universitetin fəaliyyəti yüksək qiymətləndirilir: "2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. "Yarandığı vaxtdan etibarən Univer­sitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respubli­kamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmiş­dir. Azərbaycanın tanınmış ictimai, elm və mədəniyyət xadimləri arasında Universitetin çox sayda məzunları vardır. İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir”. Bu, ötən 100 il müddətində 160 mindən artıq yüksək ixtisaslı müəllim kadrları yetişdirən, yarandığı vaxtdan 6 tələbə ilə fəaliyyətə başlayan, hazırda hər il 4 mindən artıq yüksəkixtisaslı məzunu ilə bir daha Azərbaycan təhsili və elmi üçün kadr hazırlığında müstəsna yer tutan Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçdiyi yola verilən qiymətdir.

Universitetin yaradılmasını isə Azərbaycanda ali təhsil müəssisəsələri ənənəsini bərqərar edən Cümhuriyyət siyasətinin bəhrəsi saymaq olardı. Bu siyasətin meydana gəlməsi 1918-ci ilin ya­yında ölkəmizdə gerçəkləşdirilən milli təhsil strategiyasının tətbiqinə start verilməsi ilə başlanıldı. Ondan bir il sonra Bakı Dövlət Universi­tetinin təşkili ilə bağlı qərar verildi. Təhsilin milliləşdirilməsini ehtiva edən bu siyasət Bakı və regionlar­da məktəblərin təşkili prosesinin fonunda həyata keçirilirdi. Bolşevik ilhaqı belə, ümummilli maraqlara hesablanan bu prosesin qarşısını ala bilmədi. Nəticə olaraq, artıq fəaliyyətə başlayan ümumtəhsil məktəblərinini pedaqoji kadrlarla təmin etmək zərurətə çevrildi. 1921-ci il avqust ayının 26-da Azərbaycan Xalq Ko­missarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı dekretlə yaradılan bu günkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyat yolu beləcə başladı. Düzdür, bir az sonra "Azərbaycanda pedaqoji kadr­ların hazırlanması prosesini yaxşı­laşdırmaq və ali məktəblərdə vahid rəhbərliyi təmin etmək” məqsədi əsas tutularaq o, Bakı Dövlət Universiteti­nin Pedaqoji fakültəsi ilə birləşdirildi. Buna baxmayaraq, ancaq ölkəmizdə deyil, regionda ilk ali pedaqoji təhsil müəssisəsinin özünəməxsus tarixi yaranırdı.

Bu, adicə tarix deyil, onun məzunu olmuş 160 mindən artıq insanın, öz həyatını yüksək ixtisaslı peşəkar müəllim hazırlığına, müxtəlif sahələr üzrə elmi məktəb yaratmış insanla­rın həyat yoluna yenidən düşəcək işıqdır. O işıqda 100 illik tarixi olan 8 fakültə, 33 kafedra, nəzdindki bir pedaqoji kollec, 5 filialı ilə Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin ölkə təhsilində oynadığı rolu görmək mümkündür. Bu gün universitetdə 20 minə yaxın tələbənin ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 20 ixtisas üzrə hazırlığı prosesində 70-ə yaxın elmlər doktoru, 60-dan çox professor, 300-ə yaxın dosent, 350-dən çox fəlsəfə doktoru iştirak edir. Azərbaycan Dövlət Pedaqoji Universi­tetinin ölkəmizdə təhsilin inkişafında, cəmiyyətdə maarifçiliyin bərqərar ol­masında oynadığı əvəzsiz rolunu xa­tırlatmaqla bu sahədə onun flaqmanı olan filologiya fakültəsinin müstəsna yerini qeyd etməyə bilmərik.

Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin ilk yaranan fakültələrindən birinin filologiya fakültəsinin olması tamamilə təbii idi. Fakültənin təşkili işi Krımda doğulsa da ömrünün böyük hissəsini Azərbaycanda filologiya elminin təşəkkülünə həsr etmiş ədəbiyyatşünas, türkşünas, dil və mətnşünas, filologiya elmləri dokto­ru, 1922-ci ildə professor seçilmiş Bəkir Çobanzadəyə həvalə olundu. Onu xatırladaq ki, cəmi 27 yaşın­da filologiya elmləri doktorluğunu müdafiə etmiş Bəkir Çobanzadə professor seçilərkən 29 yaşında idi və böyük təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq bu iş ona tapşırılırdı. Pro­fessor, Krım Universitetinin rektoru Çobanzadə Azərbaycana o zamankı Azərbaycan İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlunun ölkədə keçirilməsi planlaşdırılan əlifba islaha­tını təşkil etmək üçün gəlmişdi.

İlk məzun buraxılışını 1923/24-cü tədris ilində keçirən ali pedaqoji məktəb ölkəmizdə ancaq təhsilin inkişafında deyil, Azərbaycan elmi­nin təşkili və qazandığı uğurlarda da öz sözünü deyib. Buna görədir ki, XX əsrin əvvəllərində əhalisinin böyük əksəriyyətinin yazmaq və oxumaq bilmədiyi Azərbaycanda savadsızlığın aradan qaldırılmasın­da universitetimizin yetirməsi olan müəllimlərin xidmətləri danılmazdır. Təhsilin təşkilində, elmi-tədqiqat işlərinin fundamental şəkildə qurul­masında da məzunlarımızın əvəzsiz rolu olub. Təkcə o faktı yada salmaq kifayətdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının 11 prezidentindən üçü– Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev uni­versitetimizin məzunlarındandır. SSRİ PEA-nın həqiqi və müxbir üzvü seçilən azərbaycanlı alimlər — M.Mehdizadə, A.Abbaszadə, H.Əhmədov, S.İmanovun həyatı, elmi və peadaqoji fəaliyyətlərinin böyük hissəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətində universitetimizin həyatı ilə bağlı xeyli epizodlar görmək mümkündür. Onun istər Azərbaycanın siyasi rəhbərliyində olduğu birinci dönəmdə, istərsə də müstəqil dövlətin Prezidenti oldu­ğu illərdə birbaşa və dolayısı ilə universitetimizlə yaxından maraqlan­dığı çoxlarının bildiyi həqiqətlərdəndir. Beş dəfə ali pedaqoji məktəbdə olmağa vaxt tapan ümummilli lider Heydər Əliyev professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyə və məsləhətlər vermiş, hər bir əməkdaşın arzu və istəkləri ilə ma­raqlanmışdır. Universitetimizin 60 illik yubileyində iştirak edən ulu öndərin bu sözləri müəllim əməyinə verilən ən yüksək qiymətdir: "Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özü­nü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər ya­ranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik olan insanlardır".

Bu gün ADPU-nun əsas tədris binasında yaradılan Heydər Əliyev Muzeyi o səfərləri özündə əks etdirən eksponatları ilə təkcə uni­versitetimizin müəllim və tələbələrini deyil, gələn qonaqları da özünə çəkir. Muzeydə ulu öndərin təhsilin inkişafı və Azərbaycan dilinə qay­ğının nümunəsi olan kifayət qədər material toplanıb. Bu materiallar arasında gələcəyin müəllimlərinə, elm adamlarına etdiyi çağırış bütün zamanlar üçün aktual olaraq qala­caqdır: "Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bu günü və gələcək mənəviyyatı bununla bağlıdır”.

Universitetimizdə beynəlxalq fəaliyyətin tənzimlənməsi və inki­şafı üzrə xətt ölkəmizdə hələ 90-cı illərin sonlarında əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilən təhsil islahatlarının məntiqi davamı olan təhsil siyasətinin tərkib hissəsidir. O siyasətin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz siste­mini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarətdir. Milli təhsilimizin ən yaxşı ənənələrini qoruyub, inkişaf etdirmək, onun dünya təhsilinin mütərəqqi və qabaqcıl metodologiyasının özünü doğrultmuş, təsdiq etmiş elementləri ilə sintezinə nail olmaq təhsil siyasətinin başlıca hədəfidir.

Azərbaycan Respublikasında təhsilin inkişafı üçün mövcud dövlət siyasətinin və həmin siyasətin həyata keçirilməsini təmin edən Təhsil Nazirliyinin bu istiqamətdə apar­dığı işlər və təhsil müəssisələrinin qarşısında qoyulan vəzifələr hər bir qurum kimi, universitetimizə də aiddir. Həmin vəzifələr isə problemin həlli üçün kreativ yanaşmalar tələb edir və bu yanaşmaların nəticəsidir ki, görülən işlərin, perspektiv planların geniş siyahısını təqdim edə bilək. Bu istiqamətdə universitetimizdə geniş və məhsuldar fəaliyyətin olduğunu qeyd edə bilərik.

Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının olduq­ca mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, əlbəttə, universitetimiz üçün, ilk növbədə, türkdilli ölkələri ali təhsil müəssisələri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir. Bu illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universi­tetinin beynəlxalq əlaqələri genişlənir, dünyanın müxtəlif ali təhsil ocaq­ları, həmçinin beynəlxalq şirkət və qurumları, xarici ölkələrin ölkəmizdəki səfirlikləri ilə əlaqələrin yaradılması və inkişafı istiqamətində səmərəli işlər həyata keçirilib. Qeyd edək ki, 2016–20-ci illər ərzində beynəlxalq əməkdaşlıq fəaliyyəti sahəsində gö­rülmüş işlərin məzmunu belə deməyə əsas verə bilər.

Türkiyə Respublikasının müxtəlif universitetləri ilə ikitərəfli əməkdaşlıqdan əlavə, Mövlanə Mübadilə proqramı çərçivəsində də əməkdaşlıq edir. Sözügedən mübadilə proqramı çərçivəsində 2016-cı ildə ADPU-nun İbtidai təhsil fakültəsinin 1 nəfər tələbəsi Kastamo­nu Universitetinin eğitim fakültəsində, Təsviri incəsənət, musiqi və çağırışaqədər hazırlıq fakültəsinin 1 nəfər tələbəsi Kahramanmaraş Sütçü İmam Universitetinin güzel sanatlar fakültəsində mübadilədə iştirak edib.

2016-2020-ci illərdə Türkiyənin 10 universiteti ilə Mövlanə Mübadilə proqramı üzrə protokol, 5 ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.

Qazaxıstanın və Rusiyanın ali təhsil müəssisələrinin nümayəndələri ilə 9 işgüzar görüş keçirilmiş­dir. Görüşlərin nəticəsi olaraq 8 əməkdaşlıq müqaviləsi imzalanıb, Rusiyanın Dövlət Humanitar Universi­teti (RDHU) ilə anlaşma çərçivəsində tələbə mübadiləsi həyata keçirilib. Belə ki, RDHU-nun beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alan 8 tələbəsi ADPU-da iki həftəlik yaz məktəbində iştirak etmişdir.

ADPU 2016-cı ildə Avro­pa universitetləri ilə əlaqələri genişləndirmək, tələbə/müəllim mübadiləsi həyata keçirmək məqsədilə Kopenhagen Universitet Kolleci ilə "ERASMUS+ KA1” proq­ramı çərçivəsində müəssisələrarası müqavilə imzalayıb. 2016-2019-cu illərdə ERASMUS+ KA1 çərçivəsində ADPU-nun 4 nəfər tələbə heyəti, 7 nəfər müəllim heyəti mübadilədə iştirak etmiş, Danimarkanın Kopen­hagen Universitet Kollecindən 4 nəfər müəllim heyətini qəbul edib. ADPU-nun rektoru professor Cəfər Cəfərov ADPU-nun "ERASMUS+ KA1” çərçivəsində tərəfdaşı olan Kopenhagen Universitet Kollecinə (UCC) əməkdaşlıq çərçivəsində səfər edib.

İlk növbədə, beynəlxalq əlaqələr müstəvisində daha inten­siv əlaqələrimiz qardaş Türkiyə Respublikası ilə mövcuddur. Ancaq 2016–2019-cu illər ərzində Türkiyənin Ali Təhsil Şurasının (YÖK), Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, Azərbaycan Respublika­sı ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış ikitərəfli saziş çərçivəsində, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağ­ladığı müqavilələr əsasında ADPU-da təhsil almış 78 nəfər əcnəbi tələbə və magistr, 85 nəfər əcnəbi dinləyici məzun olmuşdur. Hazır­da 180-dən çox əcnəbi vətəndaş ADPU-nun hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır. Onların arasında Türkiyə, Rusiya, Gürcüstan, Çin, Türkmənistan, Suriya, Ukrayna vətəndaşları vardır.

ADPU-nun 2016–2019-cu illərdə 39 nəfəri mübadilə çərçivəsində ol­maqla ümumilikdə 68 nəfər əməkdaşı xarici universitetlər və təşkilatlar tərəfindən təşkil olunan seminarlarda, konfranslarda və təlimlərdə iştirak etmiş, 6 nəfər tələbəsi mübadilə proqramı çərçivəsində xaricdə təhsil almışdır. Bu illər ərzində 34 beynəlxalq müqavilə imzalanmışdır. Universitetin dünyanın 52 qabaqcıl və nüfuzlu universitetləri ilə əməkdaşlıq müqaviləsi (həmçinin ADPU-ya birləşdirilmiş AMİ-nin imzaladığı 13) vardır.

Bu gün dünyanın müəyyən dəyərlər uğrunda çarpışmasının başlıca səbəblərindən biri də budur. Biz qurduğumuz və genişləndirmək istədiyimiz əlaqələrə həmin konteksdən yanaşmalıyıq. Fikrimi­zi ümumiləşdirmək üçün ölkəmizin Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin oktyabrında imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası”nı yada salmaq istərdik. Strategiyanın başlıca fəlsəfəsi Azərbaycan təhsilinin o dəyərlər ruhunda olmasını təmin etməkdir.

Universitetimizdəki beynəlxalq əlaqələr üzrə prorektorluq ADPU-nun və struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır. Qurum beynəlxalq istiqamətlər üzrə maraqların və hüquqların qorun­masını, beynəlxalq əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi işinə nəzarəti təmin edir. Ümumilikdə isə universitetimiz 34 xarici uni­versitet ilə əməkdaşlıq edir, tələbə mübadiləsi həyata keçirir. Türkiyənin 11 universitetində həyata keçirilən "Mövlana" mübadilə proqramı tələbələrimiz üçün təhsil şəraiti yaradır. Partnyor universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilir. Ümumilikdə, Türkiyə (11), Rusiya (8), Ukrayna (2), Rumıniya (1), ABŞ (1), Qazaxıstan (4), Litva (2), İndoneziya (1), BƏƏ (1), İsveçrə (1), Özbəkistan (1), və Moldova (1) universitetləri ilə əməkdaşlıq edilir.

"2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ADPU və ABŞ-ın Vaşinqton şəhərində yerləşən Corc Vaşinqton Universiteti (CVU) ilə 31 yanvar 2020-ci il tarixində ikili diplom proqramı üzrə müqavilə im­zalanıb. Müqaviləyə əsasən univer­sitetin "Menecment (təhsilin təşkili və idarəolunması)" ixtisası üzrə magist­ratura pilləsini bitirən tələbələr hər iki universitetin diplomunu əldə edə biləcək (proqramın məzunları müvafiq olaraq CVU-nun "Təhsil və insan inki­şafı: Təhsil siyasəti və liderlik" magistr ixtisasına da yiyələnəcək).

Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inki­şaf etdirə və gələcək fəaliyyətləri üçün vacib olan bir sıra bacarıq­lara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavriat və ma­gistratura səviyyələrində təhsil alan tələbələr, eləcə də akademik və inzibati heyət mübadilədə işti­rak edə bilərlər. Mübadilə müddəti 1 semestrdən 2 semestrə qədər davam edə bilər. ADPU ERASMUS+ çərçivəsində Kopenhagen Universitet Kolleci – UCC (Kopenhagen, Dani­marka) ilə əməkdaşlıq edir.

100 illik tarixi ərzində zəngin ənənələr yarada bilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollek­tivinin hər bir üzvü əmindir ki, təhsil üzrə dövlət siyasəti cəmiyyətimzin gələcəyinə hesablanıb. Bu siyasət isə həmyerlimiz, SSRİ Elmlər Akademi­yasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Lev Landaunun dediyi kimi, "Gələcək üçün ən yararlı peşənin adamlarını yetişdirməkdən gözəl heç nə yoxdur”- fəlsəfəsi üzərində köklənib.

Mahirə HÜSEYNOVA,

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,

 filologiya üzrə elmlər doktoru, professor

Xəbər lenti