“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər təsdiqlənib

“Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər təsdiqlənib

Bakı, 4 may, RezonansPress.az


Milli Məclis "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini 3-cu oxunuşda təsdiqləyib.

RezonansPress.az xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında qəbul edilib.

1992-ci ildə qəbul edilən "Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklərdə məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həm də dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.

Bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Qanun layihəsinə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir və qanunla uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti