Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib VİDEO

Bakı, 19 iyun, Nicat Məmmədov, RezonansPress.az


İyunun 18-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti - 49-cu buraxılışı keçirilib. Tədbirdə liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, müəllimlər, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

RezonansPress.az xəbər verir ki, mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov bu əlamətdar gün münasibətilə şəxsi heyəti, məzunları və onların yaxınlarını təbrik edib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradıldığını xüsusi vurğulayan Bəkir Orucov bildirib ki, Ulu Öndərin daim qayğı ilə yanaşdığı və yüksək diqqət yetirdiyi bu tədris ocağı ötən müddətdə respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərib, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynayıb. Bu Hərbi Liseyin yetirmələri müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr verib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həmişə ön cəbhədə yer alıblar. Hərbi Liseyin rəisi Birinci və İkinci Qarabağ müharibələrində bu hərbi təhsil ocağının məzunlarının rəşadətlə döyüşdüklərini vurğulayaraq qeyd edib ki, onlar fədakarlıqla vuruşaraq "Azərbaycanın Milli Qəhrəmanı” və "Vətən Müharibəsi Qəhrəmanı” yüksək fəxri adlarına layiq görülüb, orden və medallarla təltif olunublar.

Azərbaycan xalqının tarixində 44 günlük Vətən müharibəsinin ən şanlı səhifə olduğunu qeyd edən general-mayor Bəkir Orucov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı qələbədən danışıb. Bildirib ki, bu qələbə Azərbaycan Ordusunun peşəkarlığını, yüksək nizam-intizamını, sahib olduğu müasir hərbi texnologiyalardan məharətlə istifadə bacarığını bütün dünyaya nümayiş etdirdi. Lakin bu savaşda ən önəmlisi Vətən uğrunda qəhrəmancasına vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumu idi. Vətən müharibəsi zamanı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları da şəhidlik zirvəsinə ucalıblar.

Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə şəxsi heyətə və kursantların yaxınlarına təbriklərini çatdırıblar.

Kursantlar adından çıxış edən Nicat Qayıbov onlara göstərilən etimadı doğruldacaqlarına, dövlətə gərəkli vətəndaş, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz verib.

Sonra təhsildə və nizam-intizamda fərqlənən bir qrup kursanta qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Kursant Nicat Qayıbov liseyin yaş kötüyünə 2021-ci il buraxılışının rəmzi xatirə lövhəsini vurub.

Məzunların bayrağı üçüncü kurs müdavimlərinə təhvil verməsindən sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.

Mərasim son zəngin səsləndirilməsi ilə başa çatıb.

Xəbər lenti