“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən daha bir açıqlama

“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən daha bir açıqlama

Sabahdan Bakı küçə və prospektlərində karantin postlarının yığışdırılması ilə bağlı əhaliyə xəbərdarlıq edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bununla bağlı açıqlamasında bildirib ki, bu qərar karantin rejiminin yumşaldılması yox, daha da sərtləşdirilməsi deməkdir:

"Vətəndaşlar elə baş düşməsinlər ki, sabahdan nəzarət zəifləyəcək. Əksinə, sabahdan bütün qapalı məkanlar, ictimai nəqliyyat, şəhərin hər küçəsində, məhəllələrdə və məhəlləarası yollarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə piyada naryadları daha da gücləndirilmiş rejimdə xidmət aparacaq. Vətəndaşların tibbi maskalardan istifadə etməsi və sosial məsafəni qorunmasına ciddi nəzarət olunacaq. Karantin rejiminin tətbiqinə nəzarət edən polis əməkdaşları qeyd edilən bütün yerlərdə sutkalıq fasiləsiz xidmət aparacaqlar. 

Nəqliyyat vasitələrini idarə edən şəxslərin icazəsinin olub-olmadığı isə müşahidə kameraları vasitəsilə müəyyən olunacaq. Artıq "SMS icazə" sistemi ilə inteqrasiya nəticəsində həmin sürücünün icazəsinin olub-olmadığı məlum olacaq. Əgər icazəsi yoxdursa, yaxud icazənin vaxtı bitirsə, həmin sürücü haqqında elektron protokol tərtib olunacaq. Paytaxtın küçə və prospektlərində quraşdırılmış postlarda xidmət aparan əməkdaşlar isə piyada naryadlarına cəlb olunacaq. Bununla da həmçinin, nəqliyyatın intensiv axını təmin olunacaq.

Vətəndaşlara müraciət edirik ki, evdən çıxarkən mütləq tibbi maskadan istifadə etsin, sosial məsafəni qorusunlar. Sabahdan etibarən yoxlamalar daha da gücləndirilmiş vəziyyətdə aparılacaq. Artıq cərimələrin məbləğinin də artırıldığını bir daha vətəndaşlarımızın diqqətinə çatdırıram".

Xəbər lenti