BMT-də iqlim məsələlərinə həsr edilmiş yeni məruzə üzərində iş tamamlanır

BMT-də iqlim məsələlərinə həsr edilmiş yeni məruzə üzərində iş tamamlanır

Bakı, 27 iyul, RezonansPress.az 


Dünyanın 200-ə yaxın ölkəsinin nümayəndələri qlobal istiləşmə ilə bağlı proqnozlar və bütövlükdə iqlim dəyişmələri haqqında ən yeni məlumatların toplandığı elmi məruzəni təsdiq etmək məqsədi ilə onlayn danışıqlara başlayıblar.

RezonansPress.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu sənəd noyabr ayında Qlazqoda keçiriləcək iqlim sammiti ərəfəsində çap edilməlidir.

Başlanmış müzakirələr İqlim Dəyişmələri üzrə ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) çərçivəsində aparılır.

Ümumdünya Meteorologiya Təşkilatında (ÜMT) hesab edirlər ki, iqlim dəyişmələri ilə bağlı genişmiqyaslı təbii fəlakətlər daha tez-tez baş verəcək.

"İqlim dəyişmələri 2021: elmi məlumatlar” adlı məruzədə qlobal istiləşməyə dair əvvəlki və gələcək proqnozlar haqqında ən yeni məlumatlar təqdim edilib, iqlimin necə və nə səbəbdən dəyişməsi göstərilib, insanın iqlimə təsirini təsdiqləyən yeni məlumatlar əks olunub. Məruzədə iqlimlə bağlı risklərin qiymətləndirilməsi üçün istifadə edilə biləcək regional informasiyaya xüsusi diqqət yetirilir.

Alimlərin fikrincə, iqlim dəyişmələri ekstremal atmosfer hadisələrinin çoxalmasına səbəb olur.

BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Patrisiya Espinozanın fikrincə, əsrin sonuna qədər qlobal istiləşməni sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə ilə məhdudlaşdırmaq mümkün olub-olmayacağı bu il qəbul ediləcək qərarlardan asılıdır. Onun sözlərinə görə, hazırda dünya əks yoldadır, bu, qlobal temperaturun 3 dərəcə artmasına gətirib çıxara bilər.

Patrisiya Espinoza deyib: "Biz fəaliyyət xəttimizi təcili dəyişməliyik”.

İqlim Dəyişmələri üzrə Ekspertlərin Hökumətlərarası Qrupu 1988-ci ildə yaradılıb. Qrupun əsas məqsədi iqlim dəyişmələri ilə bağlı, habelə müvafiq strategiyaların işlənib hazırlanması üçün siyasi liderlərə vaxtaşırı elmi məlumatlar təqdim etməkdir.

Hökumətlərarası Qrupun məruzələri plenar iclaslarda təsdiq edilir.

Xəbər lenti