“bizbirlikdegucluyuk.az” portalı istifadəyə verildi

“bizbirlikdegucluyuk.az” portalı istifadəyə verildi

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən  görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və "Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirdiyi layihə çərçivəsində yaradılan  "www.bizbirlikdegucluyuk.az"  portalı istifadəyə verilib. Portal aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir virtual məkanda birləşdirmək, eyni zamanda bu işdə vətəndaş həmrəyliyini genişləndirmək məqsədi ilə yaradılıb.

Xeyirxahlıq Azərbaycan xalqına xas olan ali dəyərlərdən biri olduğundan, təqdirəlayiq haldır ki, qısa müddət ərzində Fondun və İctimai Birliyin bu təşəbbüsünə qoşularaq yardım edən xeyriyyəçilərin sayı durmadan artır.

Artıq portala və RİİB-in 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında 30 mindən çox sovqat Bakı şəhəri və regionlarda RİİB könüllülərinin də iştirakı ilə ünvanlara çatdırılıb.

Aksiyaya bugünədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "Yeni Həyat” Şirkətlər Qrupu, "Kontakt Home” mağazalar şəbəkəsi, "Kristal Abşeron” MTK, "Plane Construction" MMC, "FAB Boya və Kimya Sənayesi” MMC dəstək göstərib.

Sovqatların regionlara çatdırılması və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılması "Aqrar Tədarük və Təchizat” ASC, ailələrə təqdim olunması isə "Azərpoçt” MMC tərəfindən təmənnasız olaraq həyata keçirilir.

Sovqatların paylanılması karantin rejimi müddətində davam edəcək.

Ərzaq ehtiyacı olan aztəminatlı ailələr portalda onlayn qaydada qeydiyyatdan keçməklə yanaşı, İctimai Birliyin 150 Çağrı mərkəzi vasitəsi ilə müraciət  edə bilərlər.

"Regional İnkişaf” İctimai Birliyi xeyriyyəçilərə və aksiyaya dəstək verən qurumlara təşəkkür edir və bütün vətəndaşlarımızı bu həssas dövrdə həmrəy olmağa, dövlətin elan etdiyi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırır.

Xəbər lenti