Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib VİDEO

Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib VİDEO

Bakı, 22 iyul, RezonansPress.az 


İyulun 22-də Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, tanınmış jurnalistlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

RezonansPress.az xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra qalib ölkənin mətbuatının keçdiyi inkişaf yolundan bəhs edən "Milli Mətbuat Günü-146 il” adlı videoçarx nümayiş olunub.

Tədbirin iştirakçıları 1875-1920-ci illərdə nəşr olunan qəzet və jurnalların nümayiş etdirildiyi "Mətbuat inciləri” sərgisinə baxıblar.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan mətbuatı 146 ildə böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub. İcraçı direktor deyib: "Bu gün milli mətbuatımızın yaranmasının 146 illiyi ilə əlaqədar bayram tədbirinə yığışmışıq. Bu gün burada 1875-ci ildə "Əkinçi” qəzetindən başlayan və 1920-ci ilə qədər nəşr olunan Azərbaycan mətbuatının inciləri sayılan qəzet və jurnalların sərgisini təşkil etmişik. Bu qəzet və jurnallar həm Azərbaycan, həm də ingilis dillərində nəşr olunub. Sərgi ilə həm jurnalistlər, həm də şəhərimizin qonaqları tanış ola biləcəklər. İctimai Televiziya ilə birgə layihələrimizdən olan "Həsən bəy Zərdabi” filmini də ərsəyə gətirmişik”.

Əhməd İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan mətbuatı, jurnalistlərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin carçılarıdır. Əminik ki, milli mediamız bu işi bundan sonra da davam etdirəcək.

İcraçı direktor qeyd edib ki, yeni yaradılan MEDİA bu istiqamətdə mətbuata öz dəstəyini verəcək. KİV nümayəndələrini MEDİA-nın həyata keçirdiyi layihələrdə yaxından iştirak etməyə çağıran Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin də adlarının açıqlandığını diqqətə çatdırıb. Qalibləri təbrik edən İcraçı direktor "Media haqqında” yeni qanun layihəsinin hazırlandığını və bu yaxınlarda ictimai müzakirəyə çıxarılacağını vurğulayıb.

Azərbaycan-Türkiyə Media Platformasından da danışan Ə.İsmayılov deyib: "Bu platformanın normativ-hüquqi bazası yaradılıb. Düşünürəm ki, belə platformaların yaradılması Azərbaycan mediasının inkişafına öz töhfəsini verəcək”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov çıxışlarında 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi” qəzetinin Azərbaycan xalqının maariflənməsində, milli məfkurənin formalaşmasında böyük rol oynadığını qeyd ediblər. Diqqətə çatdırıblar ki, Azərbaycan mediası 146 ildə mürəkkəb və şərəfli yol keçib.

Sonra İTV-nin Baş direktor müavini Murad Hüseynov tədbir iştirakçılarına "Əkinçinin doğru sözü” adlı sənədli film haqqında məlumat verib. Tədbir iştirakçıları filmin icmalını maraqla izləyiblər.

Tədbirdə MEDİA-nın şöbə müdiri Natiq Məmmədli "Mətbuat inciləri” jurnalının təqdimatını edib.


Xəbər lenti