Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub

Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub

Madrid, 17 iyun, RezonansPress.az


Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və İspaniyanın xarici işlər və İbero-Amerika və Karib hövzəsi üzrə Dövlət katibi Kristina Qallah arasında keçirilən görüşdə Azərbaycan və İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub.

RezonansPress.az xəbər verir ki, görüşdə Azərbaycan səfiri Cənubi Qafqaz bölgəsindəki münaqişədən sonrakı vəziyyət barədə danışıb.

R.Həsənov 30 illik erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində ölkəmizin tarixi və mədəni irsinə vurulmuş ziyanın qiymətləndirildiyini, genişmiqyaslı bərpa işlərinin aparıldığını, bir sıra infrastruktur obyektinin təməlinin qoyulduğunu qeyd edib.

Azərbaycanlı diplomat ağıllı texnologiyaların azad edilmiş ərazilərin inkişafı üçün lokomotiv olacağını Dövlət katibinin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın azad edilmiş əraziləri yaşıl energetika zonası olacaq.

Səfir, ispan şirkətlərinin də azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işlərində iştirak edə biləcəyini qeyd edib. İspaniyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, ərazi bütövlüyünə hörmət etdiyi vurğulanıb.

İspaniyanın xarici işlər və İbero-Amerika və Karib hövzəsi üzrə Dövlət katibi Kristina Qallah, Azərbaycan səfirini bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Bölgədə sülhün bərpasından məmnunluğunu ifadə edərək, K.Qallah İspaniyanın Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı, turizm, energetika sahələrində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu deyib.

Görüşdə Azərbaycan ilə İspaniya arasında münasibətlərin möhkəmləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti