Ağdamda işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıblar

Ağdamda işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıblar

Bakı, 21 iyul, RezonansPress.az 


Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə almadan nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, iyulun 20-si saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində üç nəfər Ağcabədi rayon sakini işğaldan azad edilmiş və minalardan təmizlənməmiş Çıraqlı kəndi ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Polis şöbəsinə gətirilən həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb. Mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə həmin şəxslərə xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti