13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramıdır

13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramıdır

Bakı, 13 oktyabr, RezonansPress.az


Bu gün Azərbaycan dəmiryolçuları öz peşə bayramlarını qeyd edirlər. Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 7-də "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, oktyabrın 13-ü – müstəqil Azərbaycan dəmir yolunun yaradıldığı gün - hər il Azərbaycan dəmiryolçularının peşə bayramı kimi qeyd olunur.

RezonansPress.az xəbər verir ki, 139 illik tarixə malik olan Azərbaycan dəmir yolları möhtəşəm inkişaf yolu keçib. Azərbaycanda dəmir yolu tikintisinin birinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilib və təkmilləşdirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir

Üç beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın dəmir yolları "Şərq-Qərb”, "Şimal-Cənub” və "Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasını həyata keçirir. Dörd il əvvəl oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu istifadəyə verilib. "Şərq-Qərb” nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatı ilə bir sıra ölkələrin yükləri Avropaya və əks istiqamətə daşınır. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artır, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşir. BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır.

Bu il ilk dəfə olaraq BTQ vasitəsilə ixrac yüklərinin nəqlinə də başlanılıb. Belə ki, Azərbaycanda istehsal olunan metal konstruksiyaları Türkiyəyə ixrac olunub. Ümumilikdə isə indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə təqribən 1,3 milyon ton həcmində yük daşınıb. Bu dəmir yolu ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün də işlər görülür və bu, turizmin inkişafına yeni bir nəfəs gətirəcək.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin "Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keçməklə bu il martın 29-da Bakıya çatıb. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda 9 sərnişin vaqonu və bir restoran var. Vaqonlar "standart”, "komfort”, "biznes” və "restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. "Stadler”lə imzalanan müqaviləyə əsasən daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.

"Stadler Rail AG” şirkəti ilə uğurlu əməkdaşlıq

Regionun əsas tranzit və logistika mərkəzi olan Azərbaycan bu mövqeyini daha da möhkəmləndirmək üçün nəqliyyat sahəsində mühüm layihələr reallaşdırır. Ölkəmizin nəqliyyat infrastrukturu hər il yaxşılaşdırılır, istər daxili, istərsə də beynəlxalq daşımalarda mühüm nailiyyətlər əldə edilir. Yükdaşımalarla yanaşı, sərnişindaşımanın da effektivliyini təmin etmək üçün dəmir yolu relsləri yenilənir, sərnişinlərin mənzil başına tez çatması məqsədilə qatarların sürətinin artırılması istiqamətində işlər görülür, yeni, rahat, komfortlu sərnişin qatarları alınır. Belə qatarların alınmasında ölkəmizin əsas tərəfdaşı isə İsveçrənin "Stadler” şirkətidir.

2020-ci il fevralın 6-da Prezident İlham Əliyevin "Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri ilə görüşündə "Azərbaycan Dəmir Yolları” QSC ilə bu şirkət arasında uğurlu əməkdaşlığın qurulduğu qeyd olunub, şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulanıb. Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilib, Azərbaycanın "Stadler” şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirilib.

Qeyd edək ki, "Stadler” 2012-ci ildə Azərbaycanla əməkdaşlığa maraq göstərib, şirkət 2015-ci ilin mayında "Azərbaycan Dəmir Yolları” QSC ilə "KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarının alınmasına dair müqavilə imzalayıb. Həmin qatarlar Birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakı Olimpiya Stadionu yaxınlığında yerləşən dəmir yolu stansiyası ilə Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismara buraxılıb. Hər biri 4 vaqondan ibarət olan həmin elektrik qatarları 2015-ci il sentyabrın 12-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı sərnişin stansiyasında paytaxtdan Sumqayıta yola salınıb. Bu qatarların ümumi sərnişin tutumu 919 nəfər təşkil edir, oturacaqların sayı isə 396-dır, onlardan 84-ü biznes sinfinə aiddir.

Dövlətimizin başçısı yeni marşrut üzrə hərəkət edən qatarların xidməti heyəti ilə görüşündə demişdi: "Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar alınıb. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər. Azərbaycan dəmir yolu ölkəmizin ümumi tərəqqisinə uyğun şəkildə inkişaf edir. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir”.

2018-ci il dekabrında Bakı-Gəncə istiqamətində "Stadler” şirkətinin rahat, komfortlu qatarları sərnişinlərin ixtiyarına verilib. Ötən ilin aprelində isə Prezidenti İlham Əliyev "Stadler” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub. Bu qatarlarda 9 sərnişin vaqonu və bir restoran var. Vaqonlar "standart”, "komfort”, "biznes” və "restoran” olmaqla 4 kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Dəmir yollarında artan sərnişin sıxlığı nəzərə alınaraq 2019-cu ilin sonunda "Stadler” şirkətindən alınan daha 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkətə buraxılıb. Bundan başqa, "Stadler” şirkətindən "FLIRT” tipli birmərtəbəli daha 6 qatar alınması ilə bağlı da müqavilə imzalanıb. Azərbaycanda dəmir yolları sahəsində böyük infrastruktur proqramının həyata keçirilir, əldə olunmuş razılaşmaya əsasən, ilkin mərhələdə dizel mühərrikli qatarların hazırlanması və 2022-ci ildə təhvil verilməsi nəzərdə tutulur.

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri arasında unikal körpü rolunu oynayır

Müstəqil Azərbaycan böyük uğurlar qazanıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi dəyişikliklər sayəsində respublika iqtisadiyyatı dinamik inkişaf edir. Heydər Əliyev ölkənin siyasi rəhbəri olduğu dövrdə respublikanın polad magistralı daim onun diqqət və qayğı obyekti olub. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturu Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə inkişaf etdirilir və modernləşdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirakçıdır.

Hazırda ölkənin nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun möhkəmləndirilməsinə yönəlmiş bir neçə layihə həyata keçirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında nəqliyyat və logistika sektorunun roluna böyük ümidlər bəslənilir.

Strateji əhəmiyyətli bir regionda beynəlxalq nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan əsrlərboyu bu dəhlizlər arasında unikal körpü rolunu oynayıb. Belə dəhlizlərdən biri də "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir və hazırda dəhliz üzrə intensiv iş aparılır. Proqnozlar göstərir ki, "Şimal-Cənub” dəhlizi tam gücü ilə işə düşdükdə Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının körfəz və Hindistan istiqamətində çıxışına şərait yaradacaq, Qara dəniz limanları ilə Xəzəryanı dövlətlərin ticarət münasibətlərinin intensivləşməsinə gətirib çıxaracaq. Bu dəhliz dəmir yolu daşımalarını və müvafiq surətdə həm yerli, həm də tranzit marşrutlarla Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında daşımalar hesabına dəmir yolu nəqliyyatının gəlirlərini artırmağa imkan verəcək.

Dəmir yollarının inkişafı istiqamətində mütəmadi olaraq işlər görülür

Hazırda dəmir yollarının inkişafı istiqamətində bir sıra işlər görülməkdədir. Belə ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin "2030 Korporativ Strategiya”sının hazırlanması məqsədilə ötən il mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan "McKinsey&Company” ilə müqavilə imzalandı. Bundan sonra Azərbaycanda dəmir yollarının strateji inkişaf planı ilə bağlı mütəmadi məsləhətləşmələr aparılır.

Addımlarını ekoloji tarazlığın bərpasına, rəqəmsallaşmanın tətbiqinə yönəldən "Azərbaycan Dəmir Yolları” QSC bu sahədə ardıcıl işləri davam etdirir. Belə ki, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb. Hər kəs öz velosipedini belə dayanacaqlarda ödənişsiz park edə bilər. Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar mövcuddur. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.

Bundan əlavə, ölkədə ilk dəfə olaraq dəmir yollarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair addımlar atılıb.

Azərbaycanın turizm potensialının artırılmasında xüsusi yeri olan dəmir yolu xətlərinin yenidən bərpası, inşası istiqamətində də işlər aparılır. Bu işlərə nümunə olaraq bu il açılışı olan Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu göstərmək olar. Bu istiqamətdə sürət qatarlarından istifadə olunacaq. Azərbaycan kimi coğrafi baxımdan kiçik ölkələrdə dəmir yolu ilə səyahət olduqca önəmlidir. Gəncədən sonra Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının nümayişi üçün əhəmiyyət kəsb edir. Qəbələ daxili və xarici turistlərin səyahəti baxımından Bakıdan sonra ikinci yerdə qərarlaşıb. Həmçinin Qəbələ ilin bütün fəsillərində turistləri özünə cəlb edən bir istiqamətdir. Bu səbəbdən yeni dəmir yolu xəttinin açılışı təsadüfi hadisə deyil və Qəbələnin turizm potensialının artırılmasında mühüm rol oynayacaq.

Vətən müharibəsində qazanılan Qələbə dəmir yolu infrastrukturunda yeni mərhələnin başlanğıcı oldu

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə dəmir yolu infrastrukturunda da yeni mərhələnin başlanğıcı oldu. Ötən il noyabrın 24-də Prezident İlham Əliyev "Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirmə və tikinti işləri iki mərhələdə həyata keçirilir. İlkin layihə olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək. Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi nəzərdə tutulub. Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğunun, o cümlədən 103 ədəd dəmir-beton borunun, 4 heyvan keçidinin, 2 böyük yolötürücü qurğunun və 2 körpünün tikilməsi planlaşdırılıb. Həmçinin Horadiz-Ağbənd dəmir yolu istiqamətində də infrastruktur işlərinə başlanılıb.

Dəmir yolu nəqliyyatı ilə daşınmalar iqtisadiyyatımızın inkişafında vacib rol oynayır

Xəzər dənizində ən iri liman olan yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycan dəmir yolları ilə yükdaşımaların artırılmasına şərait yaradır. Bu liman Böyük İpək Yolu layihəsi çərçivəsində həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsidir. Bakı Limanında konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, cari ilin ilk rübündə aşırılan konteynerlərin sayı 30 faiz artıb.

Yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 4 milyon 344,7 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 908,9 milyon ABŞ dolları olub. Dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyard 18,8 min ton yükün dəyəri 679,6 milyon dollar təşkil edib. Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 325,9 min ton, dəyəri isə 1 milyard 229,2 milyon dollar olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 339 vaqon yüklənib, 323 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,6 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib. Həmçinin səkkiz ayda dəmir yolu nəqliyyatı ilə 1 milyon 533,3 min sərnişin daşınıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 0,1 faiz artım olub.

Xəbər lenti

Digər xəbərlər