Şahanə Müşfiqin "Əjdər Ol hekayəçiliyi, yaxud üç hekayədə Qarabağ"

Şahanə Müşfiqin

  Bir dəfə hörmətli professorumuz Qəzənfər Paşayev mətndən danışarkən maraqlı bir fikir demişdi. Fikir təqribən belə idi: "Hər kəs elə bilir ki, sadə yazmaq asan işdir. Hamı bərli-bəzəkli cümlələrə, mürəkkəb ifadələrə can atır. Ancaq onlar bilmirlər ki, elə ən çətin iş sadə yazmaqdır. Elə yazmaq ki, onu bütün təbəqələrdən olan oxucular başa düşsünlər".
  Çoxdan eşitdiyim bu cümlələr sonra heç vaxt yadımdan çıxmadı. Ən çətin, ən mürəkkəb mövzularda belə içimdəki qaranlığa işıq oldu.

   Əjdər Oldan danışacağam sizə... Şair, nasir Əjdər Oldan. Daha doğrusu, onun üç hekayəsindən. Bu haqda növbəti abzaslarda oxuyacaqsınız.

  ***

  Onun yaradıcılığı haqqında ikinci yazımı da "sadəlik" sözüylə başlamağım heç də təsadüfi deyil. Səbəb o deyil ki, mənim onun haqqında deyəcək başqa sözüm yoxdur. Səbəb odur ki, onun özünü də, yaradıcılığını da bundan yaxşı ifadə edəcək söz tapmaq çətindir.
  Ötən əsrin 80-ci illərindən etibarən Azərbaycan ədəbiyyatına elə bir Əjdər Ol imzası gəlib ki, uzun illərdir, bir çox müasirindən fərqli olaraq, həqiqətən də ədəbiyyatımızda tanınan və tanıdan olmağı bacarıb. "Ədəbiyyat ölüb", "Oxucu yoxdur", "Müasir yazıçıları tanımırlar" fikirləri məhz Əjdər Ol yaradıcılığında əriyib öz mənasını itirir. Çünki oxucu onu şair kimi də, nasir kimi də çox gözəl tanıyır və böyük zövqlə oxuyur.
  Əjdər Ol yaşadığı cəmiyyətin, insanların yazıçısıdır. Onun bundan ayrı dünyası yoxdur. O, harda olduğunun, nə cür insanların, hansı psixologiyaya malik adamların arasında yaşadığının yaxşı fərqindədir. Onları o qədər gözəl tanıyır, o qədər mükəmməl analiz edə bilir ki, hər biri ayrı-ayrılıqda obraza çevrilir. Əvvəlcə yazıçının düşüncəsində, sonra isə ağ kağız üzərində. Və beləcə bir-birindən maraqlı personajlarıyla yeni hekayələr yaranır.
Bu hekayələrin heç birində təhkiyənin neçənci şəxsin dilindən olmasının fərqi yoxdur. Oxucu müəllifi görmür, eşitmir, duymur. Sanki hər bir obraz özü-özünü danışır, özünü tanıdır, ifşa edir. Bu cəhətiylə yanaşı, yazıçının qüvvətli yumor hissi, dramatik hekayələrə belə gülüşü, yumoru qatmaq istedadı bizə böyük Mirzə Cəlili xatırlatmaya bilmir. Əjdər Ol da "Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxan yazıçı kimi bu məktəbin izlərini öz yaradıcılığında layiqli şəkildə qoruyur və gələcək nəsillərə aşılayır.

  ***

  Əjdər Olu yazıçı kimi səciyyələndirən bir başqa xüsusiyyəti də onun əsl şəxsiyyət və vətəndaş mövqeyidir. O, fərdi olduğu cəmiyyətin heç bir probleminə, ağrısına, çatışmazlığına biganə qalmır, bu və ya digər şəkildə mütləq öz hekayələrinə daşıyır. Bunda onun yazıçı kimi güclü müşahidə qabiliyyəti əsas rol oynayır. Hər şeyi hamı görür, amma yazıçı hamının gördüyündən hamının anlamadığını anlayan və anladandır. Təəssüf ki, bunu hər yazıçı haqqında da demək olmur. Bəlkə də "əsl yazıçı" ifadəsi fikrimizi dəqiqləşdirməyə kömək edər.
  Bir tərəfdən onun yaradıcılığı azərbaycanlı oxucuya həm də buna görə doğmadır. Orada hər kəs özündən, öz yaşantısından, problemindən nəsə bir şey mütləq tapacaqdır.

  ***

  30 ilə yaxındır ki, xalqımızın da, ədəbiyyatımızın da ən ağrılı problemlərindən biri, birincisi Qarabağ itkisidir. Bu ağrı zaman-zaman hekayələrə, şeirlərə, romanlara, poemalara, teatr tamaşalarına, kinolara, musiqilərə mövzu olaraq, ədəbiyyatımıza, incəsənətimizə yön verən əsas qüvvəyə çevrilir.
  Əjdər Olun hekayələrində isə bu dərd tamamilə başqa biçimə bürünür. Burada o, sanki hadisəyə hər tərəfindən baxır, oxucunu da özüylə bərabər onun ətrafında dolaşdırır. Gah içəriyə girir, hadisələrin düz mərkəzində dayanırıq, gah da çıxıb göyün yeddinci qatından tamaşa edirik. Əlbəttə, hardan baxmağından asılı olaraq, dərdə də, problemə də, nəql olunan hadisələrə də yanaşman dəyişir. Elə yazıçıya da bu lazımdır. O, bir pəncərədən baxmağın əleyhdarıdır. Ona görə də qarşımızda bütün pəncərələri açır, "yetməz" - deyib qapının da yerini göstərir, "çıxın, bir də yaxından baxın olaylara" - deyir. Və oxucuya yazıçının göstərdiyi izlərlə getməkdən başqa çarə qalmır.
  Əjdər Ol oturub ağlamağın, dərdi dərd kimi çəkməyin tərəfdarı deyil. O, "ölmüş köpəkdə belə gözəllik tapa bilir", dərdin özünə də "gülməyi bacarır". Bu gülüşbəzən yumoristik olsa da, Qarabağ hekayələrində adətən, sarkazm şəklindədir. Onun bir çox hekayələrində müharibə yoxdur, amma onun qalıqları, qoxusu, xofu, açdığı yaralar var. 

  

  "Hərbi-səhra komandirinin meymunu" hekayəsində müharibənin iç üzü, çoxlarının bilmədiyi pərdə arxası məqamları yazıçı böyük ustalıqla qələmə alıb. Zabit çatışmazlıqlarından aptekçi cəbhədə əsgərlərin böyüyünə çevrilərsə, o zaman düşmənlə vuruşmaq yerinə vaxtını meymuna, eyş-işrətə, mənasız əyləncələrə həsr edəcək, torpaq isə yavaş-yavaş nəzarətdən çıxacaq. Hekayənin qəhrəmanı komandir də əvvəllər içində Qarabağ sevgisi, millət qeyrəti olsa da, xidmət dövründə tamamilə dəyişir, dəyərlərini itirir: "Bizim hərbi-səhra komandiri daha vuruşmaqdan bezmişdi. Getdikcə yaxşı başa düşürdü ki, bu vuruş acı bağırsaq kimi uzanacaq. Çünki qarşıdurmanın taleyi, deyəsən, düşmən tərəflərin əlində deyildi. Ancaq başqa həmkarları kimi o da hökmlərindən əl çəkmək istəmirdi. Axıra qədər getmək istəyirdi, harada qırıla, qırıla..."
  Bu itki elə onun özünün "başında çatlayır" və komandir getdikcə meymuna çevrildiyini etiraf edir.
  Hekayədə iki düşmən tərəfin müharibənin ortasında bir-birləriylə mehriban danışığına, razılaşdırılmalarına da toxunulur. Bir tərəf meymununa toy eliyəndə düşmən tərəfiylə razılaşır ki, bu gün bizim kef məclisimizdir, atəş açmayın. Və ya digər tərəf itinə ad günü keçirəndə qarşı tərəf onları yaylım atəşiylə təbrik edir. Bu da dövrün və müharibənin əsl üzünü açıb göstərir: "Ratsiya ilə özününkülərdən öyrəndi ki, top atan düşmən əsgərləridir. O, qarşı tərəfin səhra komandiri Rubenlə əlaqəyə girdi. Ruben dərhal xəttə çıxıb yaxşı bildiyi Azərbaycan dilində dedi:
  "Ara, narahat olma, gördüm sizdən səs çıxmır, dedim Atəşin toyunun atəşfəşanlığını özüm eləyim. Keçən dəfə bizim Qraqın ad günündə sən bizi qabaqlayıb topdan yaylım atəşləri açdırmışdın. Borcundan çıxıram".

  ***

"Qəzənfər müəllimgilin Şuşaya yürüşü" və "Qəbulda" hekayələrində isə müharibə çoxdan, lap çoxdan bitib, arxada qalıb. Ancaq onun vurduğu mənəvi zərbələr, açdığı yaralar hələ də keçməyib. Müharibə insanların mənəviyyatında hələ də davam etməkdədir. Kimi bədənindən əlildir, kimi də ruhundan...
  İllərdir Qarabağın düşmən tapdağında olmasına dözməyən "Qeyrət" təşkilatının sədri Qəzənfər müəllim və təşkilat üzvlərinin Şuşa "yürüşü" və bu yürüşdə bir şəxsiyyət kimi, insan kimi, vətəndaş kimi alçaldılması "pambıqla baş kəsmək" ifadəsini xatırladır. Onu saxta qəhrəmanlığa təhrik edən, bir növ sındıran polis rəisi Yengibarın özü isə çoxdan sınmış adamdı. Yoxsa Qəzənfər müəllimin "eşitmişəm ki, Şuşanın müdafiəsində olmusunuz?" - sualına dolub durmazdı. Bu da taleyin bir ironiyasıdır bəlkə də: onda Şuşadan qaçanların qabağına keçirdi, indi Şuşaya getmək sevdasına düşənlərin...
  Amma hekayəni oxuduqca görürük ki, Şuşa yürüşü dü, Qarabağ həsrəti də, bütün o əsib-coşmaqlar da görüntü xatirinədir, əslində. Yəni heç Qəzənfər müəllim də Şuşaya getməyin yanğısında deyil: "Polislərin gəlişi aksiya iştirakçılarını əməlli-başlı hövlləndirmişdi. Qabaqları kəsilsə də, onların çoxusunun gözlərinin içi gülürdü. Sanki özlərini göstərməyə adam axtarırlarmış...
  Qəzənfər müəllimin də içində toy-bayram idi. Zarafat deyildi, hökümət qüvvələri onu adam bilib, tərəf kimi qəbul etmişdilər. Heç şübhəsiz, boynuna götürdüyü məsuliyyəti dərk edirdi. Risk edib bu qədər adamın qabağına düşmək, vurub təmas xəttini keçmək, özünü və yoldaşlarını güdaza vermək təhlükəsi... - düşünəndə adamın tükü biz-biz olur. Olmadı elə, oldu belə, birdən səni bir kopoyoğlu saymadı, hökümət adamları da Allahından dönüb özlərini görməzliyə vurdular və yaxud dedilər ki, Qəzənfər müəllim, buyur, başının dəstəsilə keç get ermənilərin, nə bilim, onların "çaşqa-loşqa" olduqları əmisi uşaqlarının, dayısı uşaqlarının üstünə, can sənin, cəhənnəm Tanrının. Bu müharibədə bir qoşun adam qırılıb, əlli-altmış nəfər də artıq ölsə, dünya dağılmayacaq ki...
  Hər halda, Qəzənfər müəllimdə bir anlıq da olsa, özündən razılıq əmələ gəlmişdi. Polislərin gəlişi onun təşkilatının yürüşünü təmtərağa mindirmişdi..."
   Səmimiyyət... İnsanlarda çatmayan məhz səmimiyyətdir, bəlkə də. Vətəni sevən də səmimi deyil, sevməyən də... Heç Qəzənfər müəllim də... Yəqin ona görədir ki, sonda özü özündən xəcalət çəkir.
  Bir də Şuşaya, Cıdır düzünə tələsənlə onu yolundan saxlayanın bu münaqişəni "Cıdır düzü" restoranında yekunlaşdırmaları var...

  ***

  "Qəbulda" hekayəsi isə yenə də bir məmurla bir Qarabağ əlilinin üz-üzə gəlməsini əks etdirir. Bütün məmurların eyni cür hissiyyatsız, laqeyd, qəddar olduğuna inanan, "bu dava elə bizlərdən ötrü idi?" - deyib dad yanan əlil, bu dəfə, deyəsən, tamam fərqli bir məmurla qarşılaşmışdı. Onun təkgözünü, bir ayağını soyuqqanlılıqla seyr edən, sanki bütün gileylərini, narazılığını eşitmirmiş kimi üzünə baxan məmurun birdən-birə gözlərinin dolmağı onu çaşdırır. Qardaşını həmin müharibədə itirən, onun iki balasına baxan bu məmurun əlilə qibtəylə yanaşmağı, "kaş o da sizin kimi Qarabağdan yarımçıq bədənlə qayıdaydı. Uşaqları hələ də məndən atalarını istəyirlər. Üzlərinə baxa bilmirəm" - deməyi, təkcə onun yox, onun kimi yüzlərlə, minlərlə azərbaycanlının ortaq yanğısıdır.
 
  ***

  Əjdər Ol hekayəçiliyi müasir Azərbaycan ədəbiyyatının yeni hadisəsidir. Hekayə kimi asan göründüyü qədər çətin bir janrda demək olar ki, hər mövzuya toxunmaq və hər mövzunu özünəməxsus şəkildə qələmə almaq bir yazıçının üstün istedadından və peşəkarlığından xəbər verir.
  Əjdər Ol Azərbaycan dilini ən incəliklərinə qədər dərindən bilən sənətkardır. Onun həm şeirlərində, həm də hekayələrində bu, özünü göstərir. O, dilin bütün rənglərindən, bütün çalarlarından yüksək peşəkarlıqla istifadə etməyi bacarır. Məhz bu çalarların hesabına təhkiyə oynaq havaya bürünür. Gah ədəbi dil, gah loru danışıq, gah da şivə, ləhcə bir-birinə qarışır. Təkcə dil hadisəsi hesabına böyük Azərbaycanın mənzərəsi balaca hekayədə canlanır. O, sanki hadisələri nəql etmir, bir rəssam dəqiqliyi ilə onları çəkir, təsvirini yaradır. Fırçası qələm, boyası söz olan rəssam-yazıçı oxucularını hekayəsindəki olaylara, personajlara məhz bu yolla doğmalaşdırır. Sanki hər bir obraz oxucunun tanışına, hətta bəzən özünə çevrilir. Qəzənfər müəllimin saxtalığına qəzəbləndiyin yerdə, özünü onun xəcalətilə utanan yerdə tapırsan. Ya da şikayətçi əlillə birgə əsəbləşdiyin, özlüyündə haqq tələb etdiyin məmur birdən gözündə acizləşir. Hərbi-səhra komandirinin mənfi obrazı özlüyündə onu sənə yadlaşdırmışdısa, bir kişi olaraq, hər kəsin gözü önündə meymun tərəfindən alçaldılması ilə yazığın gələ bilir. Bütün bunlar Azərbaycan ədəbiyyatı tarixində Əjdər Ol imzasının silinməzliyini təmin edəcək əsas faktorlardır. Biz bu cür hekayələri hələ çox oxuyacaq, cəmiyyətimizin iç üzünü bir yazıçı qələmiylə daha aydın görəcəyik.

  525.az

Xəbər lenti