QHT sədri: Əsassız tənqid – cahilliyin əlamətidir

QHT sədri: Əsassız tənqid – cahilliyin əlamətidir
 
 QHT sədri: Əsassız tənqid – cahilliyin əlamətidir
 
Sivil və demokratik cəmiyyətdə dövlət siyasətinin həyata keçirilməsində, ölkə əhalisinin iqtisadi, sosial və mədəni həyatının zənginləşməsində, ictimai rəyin formalaşması və ictimai nəzarətin təkmilləşməsində qeyri-hökumət təşkilatlarının (QHT) rolu danılmazdır. Müstəqil Azərbaycanın inkişafında da bu cür qurumların əhəmiyyəti xüsusilə önəmlidir.
Əfsuslar olsun ki, aramızda bu gerçəkliyi görməyənlər və ya görmək istəməyənlər də var.
Son günlər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edən, dövlət qurumları ilə ictimai qurumlar arasında münasibətlərin möhkəmlənməsində xüsusi rol oynayan, QHT-ləri dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin həyata keçirilməsinə cəlb edən, onların peşəkar potensialının təkmilləşdirilməsi ilə bağlı müxtəlif inkişaf proqramlarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinə kölgə salmaq cəhdlərinin şahidi oluruq.
İki aydan sonra fəaliyyətinin 14-cü ilinə qədəm qoyacaq Şuranın bu illər ərzində dövlətimizə və xalqımıza verdiyi faydadan, ölkə başçısının birbaşa nəzarəti altında çoxşaxəli və məhsuldar fəaliyyətindən, çoxsaylı ictimai problemlərin həllində verdiyi tövfələrdən xəbəri olmayanların Şura ilə bağlı əsassız iradları həm təəccüb, həm də təəssüf hissi doğurur.
Tənqid – anlaşılandır, cahillikdən doğan tənqid isə - qəbulolunmaz.
Şuranı əsasız olaraq tənqid edənlər ki, ölkəmizdə intellektual insan kapitalının formalaşmasında, əhalinin sosial problemlərinin həllində, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında, insan haqqlarının qorunmasında, milli-mənəvi dəyərlərimizin təbliğ edilməsində QHT-lərə Dövlət Dəstəyi Şurası çoxsaylı və rəngarəng layihələrin gerçəkləşməsinə daim köməklik göstərib? Bilirlərmi ki, Şuranın dəstəyi sayəsində nə qədər insanın əmək məşğulluğu təmin edilib? Bilirlərmi ki, həm Şuranın, həm də onun ətrafında cəmləşmiş QHT-lərin ünvanına hər gün minnətdarlıq hissi ilə dolu nə qədər təşəkkür məktubu gəlir?

Rəhbərlik etdiyim qeyri-hökumət təşkilatı daim öz fəaliyyətində dövlət və vətəndaş maraqlarını, obyektivlik və şəffaflıq prinsiplərini rəhbər tutan Şuranın diqqəti və qayğısı ilə əhatə olunub. Şuranın dəstəyi ilə yüzlərlə ahıl və tənha insana maddi və mənəvi yardım göstərilib, yüzlərlə yaşlı vətəndaşın sosial problemlərinin həllinə imza atılıb, yüzlərlə imkansız ailəyə yardım əli uzadılıb.

Üzümü Şuranın fəaliyyətinə kölgə salmaq istəyənlərə tuturam: sağlam vətəndaş cəmiyyəti qurmaq istəyiriksə, gəlin həmrəy olaq, gerçəkliyə obyektiv yanaşaq, reallıqdan çıxış edək. Öyrənməkdən çəkinməyək. Tənqid etməkdən də... Amma unutmayaq ki, əsassız tənqid – cahilliyin əlamətidir.

Ruhiyyə Məmmədova 
Ahıllara və Tənhalara Dəstək ictimai Birliyinin sədri 

Xəbər lenti