Prezident İlham Əliyev: Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları azad etdik

Prezident İlham Əliyev: Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları azad etdik

Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik.

RezonansPress.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində olarkən söyləyib.

Ağdam məscidini ziyarət edən, Azərbaycan Bayrağını qaldıran dövlətimizin başçısı deyib: "Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”.

Prezident qeyd edib ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. "Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Xəbər lenti

Digər xəbərlər