Prezident: Füzuli-Şuşa yolunun çəkilişinə başlamaqla Qarabağda ilk böyük layihəyə start vermişik

Prezident: Füzuli-Şuşa yolunun çəkilişinə başlamaqla Qarabağda ilk böyük layihəyə start vermişik

Əslində, bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan ilkin olaraq 50 milyon manat vəsait ayrılıb. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq.

RezonansPress.az xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: "Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir”.

Prezident qeyd edib ki, bu işlər planlı şəkildə öz həllini tapacaq. "Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəbər lenti