Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirilib

Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirilib

Bakı, 13 sentyabr, RezonansPress.az 


Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi tibb fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov kursantları və onların valideynlərini təbrik edib. O, kursantlara təhsildə, eləcə də xidmətdə uğurlar arzulayıb.

Təntənəli mərasimdə çıxış edən polkovnik Məharət Rzayev, mayor Yaqub Qasımov və kursant Nicat Nəsibli gənc kursantlara Vətənə, dövlətə və Prezident, Müzəffər Ali Baş Komandana, hərbi anda sadiq olmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, nizam-intizamla xidmət etməyi, hərbi həkimlik peşəsinin sirlərini dərindən öyrənməklə şəxsi heyətin sağlamlığını qorumağı tövsiyə ediblər.

Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

Andiçmə mərasimindən sonra kursantlar üçün bayram konserti təşkil olunub.

Xəbər lenti