Rəmişin Gülüsü: Prezidentimiz İlham Əliyevə və birinci xanımımız Mehriban Əliyevaya qurban olum

Rəmişin Gülüsü: Prezidentimiz İlham Əliyevə və  birinci xanımımız Mehriban Əliyevaya  qurban olum

Dərdli insan içi duman dolu otağa bənzəyir.Onu dinləmək o otağa pəncərə açmaq kimidir

 

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dunyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq?!

 




      


 Məşhur gitaraçı, Azərbaycan Respublikasının xalq artisti Rafiq Hüseynov (Rəmiş) 1944-cü il noyabr ayının 13-də Ağdamın Abdal-Gülablı kəndində doğulmuşdur. Abdal-Gülablı Kəndi mədəniyyətimizə Aşıq Valeh, Qurban Pirimov, Sara Qədimova,  Rəmiş, Səxavət Məmmədov, Feyruz Səxavət, Güllü Muradova kimi sənətkarlar bəxş etmişdir.

Hər insanın tanrı tərəfindən verilmiş bir ömür yolu, bir yaşam tərzi var.Öz ömür payında gitarası ilə musiqimizdə bənzərsiz çalğısı ilə xariqələr yaradan Rəmişi  ad günü ərəfəsində xatırladıq. Rəmiş  qəlbləri fəth edən çalğısı ilə minlərlə-milyonlarla insanların sevimlisinə çevrildi və xatirələrdə əbədi olaraq qaldı.Hər kəsə bəllidir ki,gitaranı ilk "azərbaycanlaşdıran" Rəmiş olmuşdu.



 

Birinci Qarabağ müharibəsi dövründə Rəmiş gitarasını silahla əvəz etmiş və Ağdamda Fred Asifin dəstəsində döyüşürdü. Rəmişin döyüşçülər arasında olması onlarda ruh yüksəkliyi yaradırdı.Rəmiş həmişə dövlətimizdən, dövlət başçısından qayğı gördüyünü deyir və öz razılığını bildirirdi.Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Rəmiş Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür. Sənətinə verilən yüksək qiymət kimi o prezident tərəfindən mənzillə də təmin olunmuşdur.İllər-illərin üstünə gəlir, yaş da öz işini görür, xəstəlik də öz fəsadını göstərirdi. Təngnəfəslik və boğulma Rəmişin səhhətinə pis təsir etdiyinə görə  o toylara gedə bilmirdi. Rəmiş hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkirdi.Azərbaycanda bir  çox  sənət  və  digər  sahənin   adamlarına olduğu kimi,   Rəmişin xəstəliyinə  də Azərbaycanın  Birinci  xanımı Mehriban  Əliyeva laqeyd  qalmadı . Heydər  Əliyev Fondunun   dəstəyi ilə  Rəmiş  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirildi.     Uzun müddət xəstəlikdən əziyyət çəkən Xalq artisti aprelin 5-də  müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı.Mən də onun həmyerlisi,  sənətinin pərəstişkarı, olan milyonlardan biri kimi nə qədər ki, əlim qələm tutur Rəmiş yaradıcılığından  yazıb yad etməyi  özümə mənəvi borc bildim.

 

Üz tutdum  aylardır Rəmişsiz  qalan, saçları   ağarmış, ağlamaqdan gözünə "mirvari  suyu”  gəlmiş,bu yaxınlarda  gözlərindən  əməliyyat olmuş  Rəmişin həyat yoldaşı Gülünün yaşadığı mənzilə.

 

Mənim  üçün  çətin idi.Nə zaman Rəmişi  ziyarətə getsəm məni qapıda gülərüzlə qarşılayar "balaca Gülü necəsən,  xoş gəlmisən” deyərdi.  İndi boş və səssiz qalmış  evdə gözüyaşlı, rəngi solmuş  Gülü  qarşıladı məni. Bir  az ağladıq,  dərdləşdik. Rəmişsiz   qalan mənzilin hər guşəsi onu xatırladırdı. Rəmişin  xoşladığı  köynək  stulun başına keçirilmişdi. Düzü əvvəl   karıxdım, amma özümü toplayıb  dərk  etməyə başladım. Təsirli  məqam idi. Gülü  Rəmişlə  üz-üzə otururmuş kimi elə  etmişdi. Söhbətimiz  elə yarandı ki, mən onu  müsahibəyə çevirmək istədim.

 

-Gülü necəsən soruşmuram,necə yaşayırsan?

 

-Belə də,gördüyün kimi (dindirirsən gözünün  yaşı  axır)Çox çətindi mənə, yaşamaq demək olmaz, günlərimi   sayıram ki,Rəmişimə nə zaman qovuşacam.Rəmiş məni tənha  qoydu.Amma mən hər gün onun  ziyarətinə gedirəm. Rəmiş mənim  üçün hər şey idi.  Ana, ata, qardaş, bacı,  dost,  ailə,  həyat  dostu, ömür dostu olmuşdu.Rəmiş  qürurlu, mərhəmətli insan idi.Mən onu uşaq vaxtımdan tanıyırdım. Mən yetim  qız  idim. Rəmiş mənə bütöv  ailə bəxş  etdi, mən  xoşbəxtliyimi onda tapdım, ağrımı, acımı,  dərdimi , hər şeyi Rəmiş  sevgisi unutdurdu.Rəmiş tanınmış, məşhur  sənət  adamı idi. Haqqında  çoxsaylı   yalan-gerçək, kimin  ağlına  nə gəlirdi  xəbərlər yazırdılar.O heç birinə əhəmiyyət vermirdi.Biz 6 il maşında  yaşadıq,maşında  getdik, gəldik mən Rəmişi toylara gedəndə elə geyindirirdim,elə baxırdım ki,elə bil beşotaqlı evdən çıxırdı.Əziyyətlərimiz çox  oldu.Amma Rəmişlə o əziyyətlər çətin gəlmirdi mənə.

 

-Rəmişin sağlığında  dost-tanışlar əlaqə saxlayırdı, gələn gedən olurdu.İndi necə,araıyıb axtaran var Rəmişin Gülüsünü?

 

-Rəmişin sağlığında susmayan telefonlarım indi susub.Böyük sənətkarımız, sevimli aktrisamız Kübra Əliyeva gəlir hərdən söhbətləşirik.Kübra xanımla 1982- ci ildən yaxınıq.Sağ olsun bu gün də o isti münasibəti  saxlayır.Məni  tək qoymur.Rəhmətlik sənətkarımız Qədir Rüstəmovun  qızı Sevil xanım gəlir arada  ziyarət  edir məni.Qədir Rüstəmovun oglu Mehdi,sənətkarımız Təyyar Bayramov,Milli qəhrəmanımız İbad  Hüseynov  arada  zəng  edib halımı  soruşurlar.Özümü tək-tənha hiss edirəm.Rəmişsiz  dünya mənə dardır. Rəmiş məni tərk edəndən əynimdən qara  paltar,başımda  qara  yaylıq çıxmır.Getdiyim yer də yalnız Rəmişin məzarı olub.Mən ora məzar demirəm Rəmişin ikinci evi deyirəm.Prezidentimiz İlham Əliyevə  qurban olum, Allah ona sağlam ömür  versin.  Birinci  xanımımız Mehriban Əliyevaya da Allah  ömür versin.  Sən Allah bu  sözlərimi  yaz.Efirlərdə   deyirəm vermirlər o kadrları, olmaz deyirlər. Mənim əziz Prezidentim İlham Əliyev Rəmişə  mənzil verdi,ad verdi.Dünyadan köçəndə  dəfn  olunması üçün yerlə təmin olunmasını da təmin etdi.Qurban olum Prezidntimiz İlham Əliyevə. 

 

Gülü danışır, ürəyini boşaldır,hönkür-hönkür ağlayırdı.Şəkilləri düzüb evin hər güşəsinə.Bütün şəkillərdə də Rəmişin qolu Gülünün boynunda. Ağlayır Gülü o qollar boynuma bir də dolanmayacaq  deyə hönkürürdü. Rəmişsiz  həyatına üsyan  edirdi.Hər gün  qəbir üstünə gedirəm,saatlarla otururam, ağlayıram,Rəmişlə danışıram gəlirəm.Tez-tez yuxuma gəlir.

 

Gülünün ürəyi dolu idi.Ona qulaq asan,anlayan,duyan kiməsə ehtiyacı vardı.Gözləri də, sözləri də,ürəyi də ağlayırdı.Ramiz Rövşənin "Qara paltarlı qadın”şeirini xatırladım.

 

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dunyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq?!

 

Deyirlər dərdli insan içi duman dolu otağa bənzəyir.Onu dinləmək o otağa pəncərə açmaq kimidir.Mən də Gülünün duman dolu otağının pəncərəsini açmaq istədim.Amma anladım ki,o "pəncərə” Gülü üçün açılmayacaq.

 

Rəmiş nə yaxşı ata idi,nə həyat yoldaşı,nə qardaş,nə əmi,nə dayı.Rəmiş sadəcə əfsanə sənətkar,özünü gitaraya bağışlayan, nağıllaşan  ruh idi.Bir də Gülüsünün dəli kimi sevdiyi Rəmiş.

Ruhun  şad olsun  sənətkar.







 

Gülşən Behbud

Xəbər lenti