Deputat: Azərbaycan həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə qalib ölkədir

Deputat: Azərbaycan həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə qalib ölkədir

Ağdam rayonu işğaldan azad edildikdən cəmi üç gün keçməmiş Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oraya səfər etdilər. Dövlət başçısının budəfəki səfəri və çıxışı həmişə olduğu kimi, ölkə ictimaiyyəti tərəfindən böyük diqqətlə və maraqla qarşılandı. Müzəffər Ali Baş Komandanın Ağdama səfəri bir daha onun göstəricisidir ki, ölkədə hər bir məsələ dövlətimizin başçısının xüsusi diqqətindədir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov deyib ki, Ağdama səfəri zamanı Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxundu. "Dövlətimizin başçısı xüsusilə vurğuladı ki, dünyada güc amili mühüm rol oyanır. Güc amili dedikdə, əsasən ölkənin iqtisadi gücü nəzərdə tutulur. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə iqtisadiyyatın şaxələndirilməsi və gücləndirilməsi üçün davamlı işlər görülüb. Azərbaycanın iqtisadi cəhətdən müstəqilliyinin təmin edilməsi onun siyasi müstəqilliyinin möhkəmlənməsini şərtləndirib. Məhz bunun nəticəsidir ki, ölkəmiz regionun lider dövlətinə çevrilib və bu da özlüyündə yeni reallıqlar yaradıb.

Deputat bildirib ki, Prezident İlham Əliyev uzun müddət Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yorulmadan çalışıb. Bunun üçün diplomatik sahədə çox böyük işlər görülüb. Azərbaycan həqiqətləri davamlı olaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Zamanla BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıqlar informasiya müharibəsindəki üstünlüyümüzün baza prinsipləri hesab edilə bilər.

C.Osmanov qeyd edib ki, dövlət başçısı Ağdama səfəri zamanı çıxışında çox maraqlı məqamlara aydınlıq gətirməklə bərabər düşmən tərəfinə, Xocalıda əli günahsız insanların qanına batmış erməni terrorçularına, xüsusən Köçəryan və Sarkisyana sərt mesajlar verdi.

Deputat vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük uğurlu hərbi əməliyyatı düşmən ordusunu darmadağın edib. Ordumuzun rəşadəti sayəsində düşmən, eyni zamanda, mənəvi-psixoloji cəhətdən sarsılıb və noyabrın 10-da qarşımızda diz çökərək ağ bayraq qaldırıb. Dövlətimiz, xalqımız və ordumuz qarşısında acizliyini etiraf edən düşmən kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalıb.

"Qırx dörd gün ərzində Azərbaycanın hərb meydanında dalbadal zəfər qazanması Müzəffər Ali Baş Komandanın illər ərzində həyata keçirdiyi möhtəşəm ordu quruculuğunun nəticəsidir. Ən müasir silah-sursatla təchiz olunmuş Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biridir. Ölkəmizin hərb meydanında əldə etdiyi qabiliyyətlər hərbi əməliyyatlar davam edən günlərdə təkcə Ermənistanı narahat etmirdi, eyni zamanda, ermənipərəst dairələr, erməni lobbisi, həmçinin anti-Azərbaycan qüvvələr də bundan narahatlıq keçirir, hər addımda Azərbaycana qarşı təsir və təzyiqlər edilirdi. Lakin Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti bu təzyiqləri də dəf etdi.

Güclü ordu yaratmaq asan məsələ deyil, bunun üçün güclü iqtisadiyyatın və düzgün xarici siyasət xəttinin olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin zəmini Prezidentimizin uzun illər ərzində həyata keçirdiyi siyasət və onun şəxsi diplomatik bacarığı nəticəsində əvvəlcədən təmin olunmuşdu”-deyə Cavid Osmanov vurğulayıb.

Deputat qeyd edib ki, mənfur düşmənin Ağdamda ardıcıl olaraq 5 keçilməz istehkam xətti qurması onların heç zaman işğalçılıq niyyətlərindən əl çəkmək fikrində olmadığını aydın göstərirdi. Lakin Müzəffər Ali Baş Komandanın sözləri ilə ifadə etsək, Azərbaycanın "dəmir yumruğu” onların başını əzdi və onlar bu işğalçılıq niyyətlərindən əl çəkmək məcburiyyətində qaldılar. İşğal olunmuş hər bir rayonumuzda olduğu kimi, Ağdam rayonunda da bütün infrastruktur erməni vandalizmi nəticəsində yerlə-yeksan edilib. Əbəs yerə, Ağdama Qafqazın Xerasiması deyilmir: "Prezident İlham Əliyev hər dəfə olduğu kimi, Ağdama səfəri zamanı da bir daha qeyd etdi ki, Ermənistan bütün bunlara görə beynəlxalq hüquq qarşısında cavab verməli olacaq. Onsuz da Ermənistan 44 günlük hərbi əməliyyatlardan sonra çox peşmandır və düşmən ölkədə sosial-siyasi böhran yaşanır, beynəlxalq hüquq qarşısında cavab verdikdə isə daha da peşman olacaq və 30 ilə yaxın bir müddətdə etmiş olduqları talançılıq onlar üçün ağır başa gələcək”.

C.Osmanov vurğulayıb ki, artıq azad edilmiş torpaqlarımızda zəruri infrastrukturun qurulması istiqamətində işlər görülür. Prezidentimiz də qeyd edib ki, işğaldan azad olunan bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, tarixi abidələrimiz bərpa ediləcək.

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmiz illər sonra özünün ərazi bütövlüyünə qovuşdu. Azərbaycan həm hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə qalibdir. Qalib ölkənin vətəndaşı olmaq çox qürurlu bir hissdir və hesab edirəm ki, xalqımızı bundan sonra daha xoşbəxt, firavan günlər gözləyir”, - deyə deputat əminliyini ifadə edib.

 

RezonansPress.az

Xəbər lenti