Bakı Muzey Mərkəzinin rəsm qalereyasında “Mavi səma altında” adlı sərgi açılıb

Bakı Muzey Mərkəzinin rəsm qalereyasında “Mavi səma altında” adlı sərgi açılıb

Bakı, 23 fevral, RezonansPress.az


Bakı Muzey Mərkəzinin rəsm qalereyasında "Mavi səma altında” adlı sərgi açılıb.

Mərkəzdən bildirilib ki, bu, aylardır həm ölkəmizdə, həm də bütün dünyada sərgi məkanlarının işini dayandıran, uzun sürən karantindən sonra Muzey Mərkəzinin tamaşaçılara təqdim etdiyi ilk sərgi layihəsidir.

Muzey Mərkəzi karantin dövründə virtual olaraq aktiv fəaliyyət göstərirdi. Həmin dövrdə bir neçə virtual sərgi və "Nostalji” layihəsi təqdim edildi. Ekspozisiyası təkrarolunmaz Bakımıza, onun memarlığına, təbiətinə və sakinlərinə həsr edilmiş "Ev Natürmortu” və "Mənim əziz şəhərim” videoklipləri nümayiş olundu.

Hazırda "Mavi səma altında" adlı sərginin açılışı genişmiqyaslı "Nostalji" layihəsinin ənənələrini artıq real həyatda davam etdirir. Sərgidə İrina

Eldarova, Elşən Sərxanoğlu, Emin Əsgərov, Zərnişan Yusif, Eldar İbadullayev, Məmməd Rəşidov, Tamilla Həsənova, Əfsanə Həbib və Kolin Rossinin əsərlərini təqdim edilir. Ekspozisiya muzeyin girişindən, birinci mərtəbədən başlayır. Tamaşaçıları bütün mərtəbələrdə İrina Eldarovanın kətanları qarşılayır – onlar ətrafa günəşli yayın, coşqun xoşbəxtliyin və ehtiyatsız əyləncənin özünəməxsus əhval-ruhiyyəsini yayırlar. Bu rəssamın yaradıcılığının vizit kartına çevrilmiş nazlı-qəmzəli sarışın xanım və cəsur neftçi, lakonik qammada Bakı mənzərələri, çiçək dəstələri tamaşaçını yuxarı mərtəbəyə, Muzey Mərkəzinin rəsm qalereyasına qədər olan yol boyunca müşayiət edir. Bu əsərlərlə yan-yana tamaşaçını Məmməd Rəşidovun qeyri-adi, görünüşcə futuristik və mahiyyətcə lirik, metaldan və sındırılmış şüşələrdən hazırlanmış heykəltəraşlıq əsərləri qarşılayır.

Müxtəlif obrazlı, incəliklə seçilmiş bu sərgi, qalereyanın beş zalının hamısını əhatə edir. Hər zalın özünün paytaxt sakinləri və qonaqları tərəfindən qavranmasının bu və ya digər tərəflərini göstərən aurası var. Bakı həm müasir, həm də qədim şəhərdir, burada ənənələr və müasirliyin, sarı qum və mavi dənizin, əhəng daşı və müasir poladın, gözəl qamətli sərv ağacları və taclı narın bir-biri ilə ayrılmaz bağlılığı var... Bura xoşbəxtliyin, vəhdətin, rifahın və sevincin əbədi yaşadığı bir şəhərdir - bütün bunlar sərgidə təqdim olunan əsərlərdə öz əksini tapmışdır.

Ekspozisiyada Azərbaycan rəssamlarının və britaniyalı fotoqraf Kolin Rossinin sənət əsərləri yer alıb.

Birinci zalda tamaşaçıları bağ evində rahatlıq və xoşbəxt istirahət atmosferi gözləyir. Eldar İbadullayev və Emin Əsgərovun nar kolları və yelləncəkdə qızların təsvir olunduğu kətanları əsl Abşeron yayının istisinə baş vurmağa imkan verəcək. Təəssüratı Əfsanə Həbibin rənglərlə zəngin çiçək buketləri tamamlayır. Bu rəssamda təmtəraqlı, əlvan, mürəkkəb kompozisiyalı çiçək buketləri xüsusilə uğurlu alınır. Onlar tamaşaçının diqqətini çəkir, onu bu əsərlərə, sanki mozaik panno kimi incəliklərinə qədər diqqətlə baxmağa məcbur edir.

İkinci zalda biz yenidən Eldar İbadullayev və Emin Əsgərovun əsərləri ilə görüşürük, amma burada Zərnişan Yusif və Məmməd Rəşidov da onlara qoşulur. Bu zal tamaşaçını qayaüstü rəsmləri ilə Abşeron sərhədinə, Qobustana aparır. Onlar ənənəvi Azərbaycan naxışlarına və daha sonra sərt Xəzər küləyini xatırladan mücərrəd təsvirlərə süzülürlər. Və tam olaraq eyni şəkildə - Məmməd Rəşidovun mürəkkəb heykəlləri gah dalğaların burulğanında, gah da buludların topasında öz əksini tapır.

Üçüncü zal tamaşaçını birbaşa paytaxta gətirir. Onun qarşısında bürkülü və rəngarəng Bakı bütün gözəlliyi ilə Elşən Sərxanoğlunun gördüyü şəkildə çiçəklənir. Onun triptixində və digər kətanlarında şəhərin qədim vaxtlardan bu günə qədər, eləcə də Alov Qüllələri və Heydər Əliyev Mərkəzinin binası kimi memarlıq gözəlliklərini görürük. Müəllifin qadın obrazları çox romantikdirlər. Onların gözəlliyini Əfsanə Həbibin kətanındakı buketin çiçəklərinin gözəlliyi davam etdirir.

Dördüncü zal bizə Abşeron çimərliklərini və İrina Eldarova, Tamilla Həsənova və Əfsanə Həbibin gözü ilə bağ natürmortlarını göstərəcək. Bu tamaşaçıda sevinc hissi oyadan parlaq, rəngbərəng, günəşli və çox xoşbəxt bir aləmdir.

Beşinci zalda tamaşaçıları iş adamı və fotoqraf Kolin Rossi tərəfindən çəkilmiş Bakının mərkəzinin - gecə və gündüz, köhnə məhəllələr və müasir binaların mənzərələrinin gözəlliyini orijinal rakurslardan açan, hətta tanış yerləri qeyri-adi göstərən fotokompozisiyaları gözləyir. Şotlandiyadan olan Böyük Britaniya vətəndaşı Kolin Rossi üç ildən çoxdur Bakıda yaşayır. İşləmək üçün buraya gəlmiş və həmin müddət ərzində şəhərimizi çox sevmişdir. O, bir fotoqraf kimi karyerasına məhz burada başlayıb və indi isə Azərbaycanın paytaxtına həsr olunmuş "Dünyaların qovuşduğu yer” ("Where Worlds Meet”) adlı kitab nəşr etdirməyi planlaşdırır.

Sərgi aprelin 19-dək şənbə və bazar günləri istisna olmaqla, gündəlik saat 10.00-dan 17.30-dək açıq olacaq.

Xəbər lenti