Ağdamda Xalq artisti Rafiq Hüseynovun 75 illik yubileyi qeyd edilib

Ağdamda Xalq artisti Rafiq Hüseynovun 75 illik yubileyi qeyd edilib

Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində tanınmış gitara ifaçısı, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) 75 illik yubileyi qeyd olunub. Yubiley tədbirində rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət işçiləri iştirak edib.

 

 

Tədbirin aparıcısı Əməkdar artist Azad Şükürov mahir gitara ifaçısı Rafiq Hüseynovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə məlumat verib.

 

Bildirilib ki, R.Hüseynov 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifində alan Rafiq Hüseynov istedadı sayəsində qısa bir vaxta böyük sənətkara çevirib. Özünəməxsus ifası ilə xalqın sevgisini qazanan və Rəmiş kimi tanınan Rafiq Hüseynov təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Rafiq Hüseynov Azərbaycan Prezidentinin 2014-cü il 18 dekabr tarixli Sərəncamı ilə Xalq artisti fəxri adlarına layiq görülüb.

 

 

 

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan danışıb, yubilyarı təbrik edərək xoş arzularını bildirib.

Yubiley tədbirində Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artistlər Təyyar Bayramovun, Cabir Abdullayevin, Elnur Zeynalovun, gənc xanəndələrin, "Şur" və "Qarabağ" instrumental ansambllarının ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib. Ağdam Dövlət Dram Teatrının artistləri hazırladıqları kiçik səhnə ilə Rafiq Hüseynovu təbrik ediblər. Tamaşaçılar yubilyarın ifasını dinləyib, musiqi gecəsindən zövq alıblar.

Sonda çıxış edən Rafiq Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Xəbər lenti