1993-cü il, 3 oktyabr Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı

1993-cü il, 3 oktyabr Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı

 

 1993-cü il, 3 oktyabr: Ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başlandı

 


 

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı müdrik seçimini edərək dahi şəxsiyyət Heydər Əliyevi rəhbər seçmiş və bu qərarı ilə müstəqilliyimizin qorunub saxlanılmasına, ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini vermişdir. Dahi şəxsiyyət Heydər Əliyevi 1993-cü ildə Azərbaycana rəhbər seçməklə xalqımız əbədi müstəqilliyə, inkişafa, əmin-amanlığa, sabitliyə səs vermişdir. Tarix sübut etdi ki, doğrudan da, elin gözü tərəzidir. Bu tərəzinin gözü əyiləndə biz müsibətlərlə üz-üzə qalmışıq. 1990-1993-cü illər bunu bir daha sübut etmişdir.
Dövlət müstəqilliyinin bərpasında, təhsilin, səhiyyənin, dilimizin, mədəniyyətimizin hərtərəfli inkişafında ötən əsrin 70-ci illərindən təməli qoyulan islahatların və hazırlanan kadrların böyük rolu olmuşdur.

Ulu öndər hələ Sovetlər Birliyi dövründə dövlət idarəçiliyində azərbaycanlı kadrları yerləşdirərkən, milli hərbçiləri hazırlayarkən öz xalqının gələcəyini düşünmüş, onun yolunda hər cür çətinliklərə dözmüşdür. O dövrdə yüzlərlə gəncin keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrinə və hərbi məktəblərə oxumağa göndərilməsi, respublikamızda böyük infrastruktur layihələrinin həyata keçirilməsi, mühüm sənaye müəssisələrinin, elektrik stansiyalarının tikilməsi və digər tədbirlər Azərbaycanın gələcək müstəqilliyi yolunda atılan qətiyyətli addımlar idi. Hansı ki bu tədbirlər ölkəmizin ötən əsrin sonlarında əldə etdiyi müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynamışdır.

1969-1982-ci illərdə hakimiyyətdə olan ümummilli liderimiz öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq Azərbaycanın sürətli inkişafına nail olmuşdur. Bununla bərabər, Azərbaycana birinci rəhbərliyi dövründə əsl vətəndaş və rəhbər kimi milli mədəniyyətimizin inkişafına böyük önəm verən görkəmli dövlət xadimi Heydər Əliyev 1969-cu ildən başlayaraq xalqımızın unudulmaqda olan adət-ənənələrini, milli dəyərlərini və xüsusiyyətlərini, mentalitetini də qorumuş və yaşatmışdır.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə hakimiyyətsizlik, özbaşınalıq, xaos və anarxiya hökm sürürdü. Müstəqilliyimizin qorunub saxlanılması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin təmin olunması və nəhayət, Azərbaycanın parçalanmaqdan xilası ən mühüm vəzifələr idi. Daxili və xarici siyasətdəki uğursuzluqlar nəticəsində ölkənin müxtəlif bölgələrində separatçı qüvvələr baş qaldırmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası da ağır günlərini yaşayırdı. l990-cı il iyulun 22-də ümummilli liderin Naxçıvana gəlişi xalqın böyük sevincinə səbəb olmuşdur. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşılamışdır. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində ulu öndəri özlərinə rəhbər seçmişdilər. Görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirmiş, igid naxçıvanlılarla birlikdə onu təhlükələrdən qorumuş, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə nail olmuşdur.

 

Dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər Azərbaycanın müstəqillik tarixində ən mühüm dövrlərdən sayılır. Belə ki, ulu öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edir, burada müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atırdı. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir. Bu dövrdə görkəmli dövlət xadiminin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də qədim Naxçıvan torpağını erməni təcavüzündən xilas etməsidir. Naxçıvanın müdafiəsi sahəsində mühüm addımlar atılmışdı.

1990-1993-cü illərdə Azərbaycanda yaranmış dözülməz şərait, ölkənin vətəndaş müharibəsi, parçalanma və dağılma təhlükəsi ilə üzləşməsi, Ermənistanın hərbi təcavüzünün genişlənməsi qəti addımların atılmasını, hakimiyyətin etibarlı əllərə tapşırılmasını tələb edirdi. Artıq mövcud hakimiyyətsizlikdən, özbaşınalıqdan cana doymuş xalq ölkənin xilasını yalnız dahi rəhbər Heydər Əliyevdə görür, ümidlərini ona bağlayırdı. Belə bir zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmişdir.

Xalqın çağırışı ilə ümummilli lider 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya getmişdir. Bu qayıdış Vətənin xilası, xalqın qurtuluşu idi. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, hər kəs etiraf edir ki, əgər tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü ilin 15 iyununda ulu öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratiya yolunda inamla irəliləyən Azərbaycan dövləti haqqında danışa bilməzdik.

Azərbaycanı müstəqilliyə hazır­layan ulu öndərimiz deyirdi: "Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur”. Vətənin ağır günündə xalqın iradəsi ilə böyük siyasətə qayıdan dahi şəxsiyyət Heydər Əliyev bacarıqlı dövlət xadimi kimi ölkəmizi düşdüyü çətin vəziyyətdən, müstəqilliyimizi itirilmək təhlükəsindən xilas etmişdir. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri, sözün həqiqi mənasında, Azərbaycan xalqının qarşısında duran ağır sınaq idi. Xalqın əzm və iradəsinin ifadəsi kimi yaddaşlara yazılan həmin seçkidə ulu öndər Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu tarix həm də Azərbaycan xalqının öz tarixində ədalətli, şəffaf və demokratik seçki keçirmək ənənəsinin təməlinin qoyulduğu gün kimi əlamətdardır.

Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndərimiz 1993-cü ilin 10 ok­tyabrında dövlətə və xalqa sədaqət andı içərək demişdir: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

1993-cü ilin 3 oktyabr seçimi xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Xalqımızın çox ağır günlərində hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qanunsuz silahlı dəstələr ləğv edilmiş, ölkədə sabitlik yaradılmışdır. Bu sabitlik müstəqil Azərbaycanın tarixində inkişaf və tərəqqiyə gedən yolun başlanğıcı olmuşdur. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınmış, inflyasiyanın səviyyəsi minimal həddə endirilmişdir. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, "Əsrin müqaviləsi”nin imzalanması, böyük investisiya qoyuluşlarının reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir.

Bir sözlə, ulu öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən və regionda liderə çevrilən müstəqil Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə demişdir: "Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuş, bir sıra mühüm siyasi və iqtisadi islahatlara başlanmışdır”.

Bəli, 1993-cü il 3 oktyabr seçkilərinin bəhrəsini bu gün ölkəmizin ictimai-siyasi həyatında və sosial-iqtisadi inkişafında daha aydın görürük. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə­mizi iqtisadi inkişaf baxımından dünyanın aparıcı dövlətlərinin sırasına yüksəltmişdir. İndi Azərbaycan yoxsulluğun və işsizliyin azaldılmasına, adambaşına düşən ümumi daxili məhsul istehsalının həcminə, beynəlxalq aləmə inte­qrasiya və bir çox göstəricilərə görə dünyanın öncül dövlətləri sırasındadır. Ölkə­mizin artan nüfuzunun göstəricisidir ki, regionda həyata keçirilən mühüm layihələr Azərbaycanın icazəsi olmadan reallaşmır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP və TAP kimi beynəlxalq enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın dünyadakı siyasi və iqtisadi qüdrətini günbəgün artırmaqdadır.

Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən, vətəndaşlarının hüquq və azadlıqlarının tam təmin olunduğu ölkədir. Güclü dövlətçiliyə və iqtisadiyyata malik Azərbaycanda geniş sosial infrastruktur vardır. Ən əsası isə Azərbaycan ümummilli lider Heydər Əliyevin siyasi xəttinə uyğun olaraq xalq-dövlət birliyinin mövcud olduğu sabit ölkədir

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur. Sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş ümumxalq səsverməsinin nəticələri bu birliyin nə qədər möhkəm olduğunu bir daha təsdiqlədi.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.

Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

 

Elçin Quliyev,

Milli Məclisin deputatı


 

Xəbər lenti